Professor Nəsibə Hüseynova 90 il

15-12-2015

     Bu günlərdə, Azərbaycanın görkəmli pediatrı, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynovanın 90-illik yubileyi keçirilmişdir.
Professor Nəsibə Hüseynova 1926-cı il yanvar ayının 25-də Bakı şəhərində azərbaycan dili müəllimləri Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində dünyaya gəlmişdir.
     1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmiş-dir. Həmin ildən Azərbaycan Dövlət Tibb İnstitutunun uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsində çalışmışdır. 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhət-xanasının müdiri, 1951-1954-cü illərdə SSRİ-in Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda aspirant olmuş, namizədlik dissertasiyasını müdafiə etmişdir.
1955-1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitu-tunda baş elmi işçi, şöbə müdiri işləmişdir. 1959-cu ildən ATİ-nun hospital pediatriya kafedrasının dosentidir.
     1959-1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə N. Hüseynova İraq höküməti və Azərbaycan SSR-nın Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur.
N. Hüseynova 1969-cu ildən doktorluq dissertasiyasını müdafiə edərək hospital pediatriya kafedrasının professor vəzifəsinə keçmişdir. 1970-1992-ci illərdə ATİ-nun müalicə-profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının müdiri olmuşdur, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professor vəzifəsində çalışır.
1971-1976-cı illərdə Bakı şəhərində baş pediatr, 1970-1991-ci illərdə Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin baş pediatru olmuşdur. 1976-cı ildən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqudur.
      1982-ci ildə prof. N. Hüseynova 17 saylı uşaq şəhər poliklinikasının bazasın-da respublika uşaq qastroenteroloji mərkəzinin yaradıcısı olmuş və uzun illər bu mərkəzdə elmi rəhbər kimi işləyərək, Azərbaycanın bütün regionlarından mədə-bağırsaq problemli uşaqlara yardım etmişdir.
Professor Nəsibə Hüseynova əsasən, uşaqların qidalanması problemlərinə dair tədqiqatlar aparmışdır, elmi rəhbər kimi 6 tibb elmləri namizədi hazırlamışdır, 300-dən artıq elmi məqalənin və metodiki tövsiyələrin müəllifidir, 2013-cü ildə “Uşaq qastroenterologiya” dərsliyi, 2014-cü ildə isə “Pediatriyada dietoterapiya” dərs vəsaitini buraxmışdır.
      Professor Nəsibə Hüseynova 1984-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə, 1986-cı ildə “Əmək Veteranı” medalı, 1990-cı ildə isə Azərbaycanın Əməkdar Həkimi fəxri adı ilə təltif olunmuşdur.
      20 sentyabr 2010-cu il tarixində Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan Tibb Universitetinin rəhbərliyi professor Nəsibə Hüseynovanı 90 illik yubiley ilə səmimi qəlbdən təbrik edir. Ona uzun ömür, can sağlığı və uzun müddətli aktiv həyat arzulayır.

 


Müəlliflər:
ATU-nun REKTORLUĞU VƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

Digər jurnal və qəzetlər