60 iL Musa Mehdi oğlu Qəniyev

02-01-2015

     2 dekabr 2014-cü ildə Azərbaycan Tibb Universitetinin aparıcı alimlərindən biri, Farmakologiya kafedrasının müdiri tibb elmləri doktoru, professor Musa Mehdi oğlu Qəniyevin 60 yaşı tamam oldu.
   Musa Mehdi oğlu 2 dekabr 1954-cü ildə Salyan rayonunun Xalac kəndində Ziyalı ailəsində dünyaya göz açmışdır. Xalac kənd orta məktəbində oxuyarkən çalışqanlığı, təvazökarlığı ilə şagird yoldaşlarından fərqlənən Musa 1971-ci ildə həmin məktəbi qızıl medalla bitirərək elə həmin ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun 1-ci kursuna qəbul olunur. Mütəmadi olaraq öz üzərində çalışmağı həyatının kedrası hesab edən Musa Qəniyev Tibb İnstitutunda təhsil alarkən tədris olunan fənnləri mənimsəməklə özünü istedadlı tələbə kimi tanıdır. 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə başa vurmuşdur.
  1977-ci ildən həkim kimi fəaliyyətə başlasa da elmin dərin sirlərinə yiyələnmək onun əsas amalı oımuş və bu fikir, bu düşüncələrlə o 1982-ci ildə təhsil aldığı İnstituta qayıdır, aspirantura üçün elan olunan müsabiqədə iştirak edir. İmtahanlardan yüksək nəticələr əldə edən Musa Qəniyev artıq elmin birinci pilləsinə ayaq qoyur. Farmakologiya kafedrasının aspirantı kimi elmi axtarışlara başlayır. Gərgin əməyin bəhrəsi olaraq 1985-ci ildə “Beyinin katexolaminergik və QAYT sistemlərinin psixostimulyator mezokarbin təsir mexanizmində rolu” mövzusunda dissertasiya işi müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır.

     Aspirantura müddəti başa çatdıqdan sonra gənc alim Musa Qəniyev Farmakologiya kafedrasında baş laborant vəzifəsində pedoqoji fəaliyyətə başlayır. Çox keçmir ki, kafedranın asisstenti vəzifəsinə seçilir. Pedaqoq kimi püxtələşən M.Qəniyev 1992-ci ildə müsabiqə yolu ilə kafedranın dosenti vəzifəsinə seçilir.
     Tələbələrlə ünsiyyət və yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1988-ci ildə dekan müavini vəzifəsinə, bir il sonra isə dekan vəzifəsinə təyin olunur. Tezliklə tələbələrin sevimlisinə çevrilən Musa Qəniyev 1992-ci ilə qədər bu vəzifədə şərəflə çalışır.
     Elmi axtarışlarda olan gənc alim elmin daha yüksək zirvələrini fəth etmək üçün Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Farmakologiya İnstitutunun doktorantı kimi fəaliyyətə başlayır. 1994-cü ildə apardığı elmi işlərə yekun vuraraq “Atipik neyroleptiklərin dofaminergik mexanizmlərinin öyrənilməsi. Neyrofarmakoloji və neyrokimyavi analiz” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
     Artıq elmlər doktoru kimi Musa Qəniyevin elmi fəaliyyəti daha da dərinliyə doğru istiqamətlənmişdi. Onun yazdığı və nüfuzlu jurnallarda çap etdirdiyi məqalələr, tələbələr üçün yazdığı dərs vəsaitləri, dərsliklər, tələbələr üçün oxuduğu maraqlı mühazirələr nəzərə alınaraq 1997-ci ildə onu farmakologiya kafedrasının professoru vəzifəsinə seçilir.
     Professor Musa Qəniyev 2000-ci ildən Farmakologiya kafedrasına uğurla rəhbərlik edir. Onun rəhbərliyi altında 1 elmlər doktoru və 12 tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Özbəkistanda, Qazaxistanda, Türkiyyədə, Polşada, Yunanistanda, Rusiyada və onun bir çox mərkəzi şəhərlərində keçirilən elmi konfrans və simpoziumlarda Professor M.Qəniyev Azərbaycan Tibb elmini təmsil etmişdir.
Professor M.Qəniyev uzun illərdir ki, Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən dissertasiya müdafiəsi şurasının üzvüdür. Farmakoloqlar elmi cəmiyyətinin sədridir. Səhiyyə Nazirliyinin Farmakologiya və Farmakopeya Şurasının, Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalının redaksiya heyyətinin üzvüdür.
     Professor M.Qəniyev 200 elmi məqalənin, o cümlədən 14 dərslik, 10 dərs vəsaiti. 9 tədris – metodik vəsaitin və bir necə ixtranın müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə M.Qəniyev Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Hazırda Professor Musa Qəniyev ömrünün ən şirin çağlarını yaşayır. Sağlamlıq jurnalının yaradıcı kollektivi və Farmakologiya Kafedrasının əməkdaşları onu yubiley münasibətilə təbrik edir. Ona uzun ömür, can sağlığı xoşbəxtlik və elmi yaradıcılığında uğurlar diləyirlər.

Sağlamlıq jurnalının baş redaktoru,
Azərbaycan Respublikasının əməkdar elm xadimi,
Rusiya Federasiyasının Tibbi Texniki Elmləri Akademiyasının Akademiki, Professor Q.Ş.Qarayev.

 


Müəlliflər:
Г.Ш. Гараев.

Digər jurnal və qəzetlər