MÜXTƏLİF GENEZLİ XORALI STOMATİTLƏRİN YERLİ MÜALİCƏSİNİN ƏSAS PRİNSİPLƏRİ

06-05-2016

 Açar sözlər: ağiz boşluğu selikli qişası, xorali stomatit

Key words: oral mucosa, ulcerous stomatitis

     Ağız boşluğu selikli qişası (ABSQ) xəstəlikləri bölməsi müasir stomatologi-yada özünəməxsus yer tutur. ABSQ xarici və daxili mühit amillərinin daimi təsirinə məruz qaldığından burada bir çox patoloji proseslər özünə yer tapır [3]. ABSQ-da rast gəlinən xəstəliklərin bir çoxu ümumi (sistem) patologiyaların simptomları kimi meydana çıxır. Bu xəstəliklərin əksəriyyəti xroniki gedişə malik olması və müalicəyə çətin tabe olması səbəbindən onlar daim tədqiqatçıların diqqət mərkəzindədir [8].
     ABSQ-nın ağır gedişli, xroniki-residivləşən xəstəliklərinin əksəriyyəti eroziya və xoraların əmələ gəlməsi ilə müşayət edilir: qırmızı yastı dəmrov, residivləşən aftoz stomatit, qovuqca, xoralı-nekrotik stomatit, herpetik stomatit və s. [2].  Bu xəstəliklərin klinik mənzərəsində və patogenezində oxşar məqamlar olduğundan həmin xəstəliklərin kompleks müalicəsində də eyni istiqamətlilik vardır [5].. Belə ki, ABSQ-nın eroziya və xoralarla müşayət olunan bir çox xəstəliklərinin müalicəsində analgetik, iltihab əleyhinə, immuniteti stimullaşdıran, epitelizasiyanı sürətləndirən xüsusiyyətlərə malik olan preparatlardan geniş istifadə olunur [7].
     Son bir neçə il müddətində ABSQ-nın eroziv-xoralı zədələnmələrinin kompleks müalicəsnin təkmilləşdirilməsinə çoxlu sayda cəhdlər edilmişdir [10].   

Tədqiqatın məqsədi ABSQ-nın eroziv-xoralı xəstəliklərinin əsaslandırılmış kompleks müalicə sxeminin effektivliyini öyrənmək olmuşdur.

Material və metodlar. Tədqiqat obyekti kimi 30 yaşından 59 yaşına qədər 58 xəstə (30 qadın və 28 kişi) nəzarət altında saxlanmışdır (qırmızı yastı dımrovun ekssudativ-hiperemik və xoralı forması ilə 17 xəstə, xoralı-nekrotik stomatitlə 14 xəstə, residivləşən aftoz stomatitlə 11 xəstə, residivləşən herpetik stomatitlə 16 xəstə). Anamnestik məlumatlara görə xəstəliyin davametmə müddəti 3 ildən 10 ilə qədər olmuşdur.
     Ağırlıq dərəcəsinə görə ABSQ-nın eroziv-xoralı zədələnmələrini xəstəliyin ağırlıq dərəcəsinə görə aşağıdakı 3 qrupa ayiraraq tədqiqat aparmışıq.
     Xəstəliyin yüngül dərəcəsi (20 xəstə: 12 - əsas qrup, 8 – kontrol qrup) – ildə 1-2 dəfə periodik yaranan tək-tək eroziyalar.
     Orta ağırlıq dərəcəsi (20 xəstə: 12 - əsas qrup, 8 – kontrol qrup) – il ərzində periodik olaraq bir neçə dəfə eroziyalar yaranır.
     ABSQ-nın ağır dərəcəli eroziv-xoralı zədələnmələri: eroziya və xoraların permanent gedişi - 18 xəstədə müşahidə olunmuşdur (12 - əsas qrup, 6 – kontrol qrup).
     ABSQ-nın eroziv-xoralı zədələnmələrin yüngül və orta ağırlıq dərəcəsi zamanı xəstələrin ümumi vəziyyətində dəyişiklik müşahidə edilməmişdir. Ağır dərəcəli eroziv-xoralı zədələnmələr zamanı isə xəstələrin ümumi vəziyyətində müəyyən patologiyalar qeydə alınmışdır.
     Xəstəliyin diaqnostikası anamnestik sorğulara, xəstəliyin klinik mənzərə-sinə, sitoloji, histoloji və immunoloji  müayinələrin birgə nəticələrinə əsasən aparılmışdır.
     ABSQ-nın eroziv-xoralı zədələnmələrinin kompleks müalicəsi - yanaşı gedən xəstəliklərin müalicəsindən (ümumi müalicə), ağrıların aradan götürülmə-sindən və epitelizasiya prosesinin yaxşılaşmasına yönəlmiş tədbirlərdən (yerli terapiya) ibarət olmuşdur.
     Kataral iltihabi əlamətləri olan ABSQ-nın eroziv-xoralı zədələnmələri zamanı bütün hallarda elektroaktivləşdirilmiş su məhlullarından (EAS) istifadə edilmişdir. EAS məhlulları təbabətdə geniş istifadə olunur [1, 6]. Espero-1 bioelektroakti-vatorunda hazırlanmış su məhlulu ağrıkəsici, antibakterial, iltihabəleyhinə, immunostimuləedici, immunostimuləedici, toxuma regenerasiyisını sürətləndirən xüsusiyyətlərə malikdir.
     EAS məhlullarının tətbiqinə hələ 22.02.1988-ci il №211 – 2524/791 qərarı ilə SSRİ Səhiyyə Nazirliyinin farmakoloji komitəsi tərəfindən icazə verilmişdir.
     Bütün xəstələrə ağız boşluğunun qiqiyenası qaydaları öyrədildikdən və yerli qıcıqlandırıcı amillər aradan qaldırıldiqdan sonra ağız boşluğu 1-2 dəqiqə ərzində EAS-A məhlulla qarqara edilmişdir. Anolitin turşu təsirini aradan qaldirmaq və diş minasının demineralizasiyasının qarşısını almaq məqsədi ilə belə qarqaralardan 3-5 dəqiqə sonra ağız boşluğu 1-2 dəqiqə ərzində ilıq təmiz su ilə yaxalanmışdır. Bundan sonra ağız boşluğu 3-5 dəqiqə ərzində EAS-K məhlulu ilə vanna edilmişdir. Qeyd olunan prosedur kompleksi (ağız boşluğunun 1-2 dəqiqə anolitlə yaxalanması; 2-3 dəqiqə ilıq su ilə qarqara edilməsi; katolit məhlulla 3-5 dəqiqə vanna edilməsi) gün ərzində 3-4 dəfə təkrarlanmışdır. Xəstələrdə müalicənin effektivliyi klinik simptomların dinamikasına və immunoloji tədqiqatların göstəricilərinə əsasən qiymətləndirilmişdir.
     Ağız boşluğunda ağır dərəcəli eroziya və xoraları olan 10 xəstənin kompleks müalicəsində plazmaferezdən istifadə edilmişdir. Plazmaferez 7-14 gün intervalla (3-5 prosedur) plazmanın formalı elementlərinin (eritrositlər, trombositlər, leykositlər) reinfuziyası ilə xəstənin özünə mübadiləli şəkildə köçürülməsidir. Hər bir prosedurda 500-2000 ml plazma çıxarılır və onun yerinə donorun plazması ya da plazmaəvəzləyicisi vurulur [4].
     Əsas qrupun (36 xəstə) pasiyentlərinə yerli immunostimulə məqsədi ilə 10-15 gün ərzində hər dəfə 1 tablet olmaqla, gündə 6-8 dəfə “İmudon” preparatı təyin olunmuşdur. Sonrakı profilaktik kurslarda isə hər 6 aydan bir 10 gün müddətində, gündə 6 tablet qəbul etmək tövsiyyə olunmuşdur.
     ABSQ-nın funksional vəziyyətini qiymətləndirmək məqsədilə eroziya və ya xora səthindən götürülmüş yaxmanın sitoloji öyrənilməsi həyata keçirilmışdir. Sitoloji tədqiqatlar eroziyaların səthi hüceyrələrində baş verən patoloji prosesin bütün rəngarəngliyini özündə əks etdirir. Bu metod zədələnmə ocağında toxumanın vəziyyətini, iltihabın və ya reparasiyanın fazasını aşkarlayır, orqanizmin reaktivlik vəziyyətinin indikatoru rolunu oynayır və aparılmış terapiyanın təsiri nəticəsində reaktivliyin dəyişilməsini aşkara çıxarır.

Tədqiqatın nəticələri və müzakirələr. Klinik müayinələr zamanı 49 xəstədə yanaşı gedən xəstəliklərdən mədə-bağırsaq traktı (qastrit, kolit, bağırsaq disbakteriozu, xora xəstəliyi, hepatoxolesistit, pankreatit), LOR orqanlarının xəstəlikləri, generalizə olunmuş parodontit və s. aşkarlanmışdır. 16 xəstədə eyni zamanda 2-3 xəstəlik olmuşdur, 9 pasientdə isə heç bir yanaşı gedən xəstəlik aşkarlanmamışdır (anamnez əsasında). Müayinə olunan şəxslərdə xəstəliyin residivlərinin yaranmasına müxtəlif amillər səbəb olmüşdur. Belə ki, 12 pasientdə kəskin respirator xəstəlikdən sonra və ya xəstəlik müddəti dövründə eroziyaların yaranması müşahidə edilmişdir. Residivə səbəb olan əsas amillərdən biri də ağız boşluğunun qeyri-qənaətbəxş gigiyenik vəziyyətidir. Bu hal xəstəliyi ağırlaşdıraraq onun daha ağır formalarının yaranmasınasına gətirib çıxarır. Ətraflı anamnez toplanmasına baxmayaraq, 9 xəstədə residivlərin əsas səbəbini müəyyənləşdirmək mümkün olmamışdır.
     Əksər xəstələr (81% halda) xəstəliyin hiss olunmadan başlanmasını, residivlər arasında qısa müddətli fasilələriin olmasını qeyd etmişlər. Sonralar remissiyaların müddətinin qısalması və eroziyaların kəskinləşmə dövrünün uzanması tendensiyası yaranmış, zədə elementlərinin sayı və dərinliyi artmış, onların sağalma müddəti uzanmışdır. Ağız boşluğunda eroziyaların yaranması, adətən, prodromal əlamətlər olmadan baş vermiş, 18 xəstədə eroziyaların yaranması zamanı baş ağrıları, ümumi zəiflik, əmək qabiliyyətinin zəifləməsi; 9 xəstədə gələcək eroziyaların yerində göynəmə və ağrılar, 17 xəstədə isə salivasiyanın artması qeyd olunmuşdur.
     ABSQ-nın eroziv-xoralı zədələnmələrinin başlanğıcı adətən kəskin xarakter daşımışdır. Əvvəlcə tək-tək ya da az sayda eroziyalar üzə çıxmış və bu eroziyalar çox vaxt dilin yan səthində, retromalyar nahiyyədə lokallaşmışdır. Selikli qişanın eroziyalaşmış sahələri çox ağrılı olması səbəbindən xəstələr üçün qidanın çeynənməsi və udulması çətinləşmiş, yüksək dərəcədə salivasiya müşahidə olunmuş, ağız bucaqlarında dərin çatlar qeydə alınmışdır ki, bu da ağızın açılmasını məhdudlaşdırmışdır.
     Eroziya və xoralar ağız boşluğu selikli qişasının bütün şöbələrində lokallaşmış, 21 xəstədə - selikli qişa, dodaq, dil, keçid büküşü nahiyəsində, 13 xəstədə ağız dibində, 9 xəstədə ağız boşluğunun arxa şöbələrində: dilcək, damaq qövsləri, yumşaq damaqda müşahidə edilmişdir. Xəstəlik pasientin nisbətən qənaətbəxş ümumi vəziyyəti fonunda baş vermişdir. 7 xəstədə kataral gingivit əlamətləri, 14 xəstədə çənəaltı limfadenit qeyd olunmuşdur (ağır formalı zədələnmələrdə).
     Müalicənin artıq ikinci günündən ABSQ-nın yüngül dərəcəli zədələnmələrində (18 pasiyent) ağız suyu ifrazı və ağrı əlamətləri azalmış, yuxu və iştaha yaxşılaşmışdır. Daha iki gün sonra, müalicənin 4-cü günündə 13 xəstədə eroziya və xoraların epitelizasıyası başlamışdır. Yalnız 4 xəstədə ağız boşluğunun distal şöbələrində lokallaşmış eroziyaların epitelizasiyası 5-6-cı gün müşahidə olunmuşdur.
     Eroziv-xoralı zədələnmələrin orta ağır və ağır formalarında müalicənin 3-4 cü günü eroziyanın epitelizasiyası başlayır. Yalnız 3 xəstədə ağız boşluğunun distal şöbələrində lokallaşmış eroziyanın epitelizasiyası 5-6-cı gün müşahidə olunur ki, bu da qeyd olunan nahiyyələrə preparatların çətinliklə çatması ilə izah olunur.
     Eroziya və xoraların epitelizasiyasında müsbət dinamika əsas qrupda keratoplastik vasitələrin istifadəsini bir-iki sutka azaltmışdır.
     Tədqiqatlar aparıldığı müddət ərzində kontrol qrupda yalnız 1 xəstədə (yüngül dərəcəli eroziv zədələnmə) residiv müşahidə olunmamışdir ki, böyük ehtimalla, bu hal, ya yerli qıcıqlandırıcı amilin ləğv edilməsi, ya da rasional protezlənmə səbəbindən baş vermişdir.
     Bu müddət ərzində əsas qrupun yüngül formalı 8 xəstəsində residiv müşahidə edilməmiş, qalan 4 xəstədə isə az intensivlikdə residiv müşahidə olunmuşdur. Əsas qrupun orta ağırlıqlı xəstələrində residivlərin sayı əvvəlki illərə nisbətən 2 dəfə azalmış, 6 xəstədə isə xəstəliyin yüngül formaya keçməsi müşahidə olunmuşdur. Kontrol qrupda isə yuxarıda qeyd olunan göstəricilər dəyişməmişdir.
     Ağır dərəcəli zədələnmələri olan xəstələrdə residivin rastgəlmə tezliyi eyni intesnivlikdə qalaraq daha yüngül formaya keçmişdir. Çox güman ki, bu da tətbiq etdiyimiz kompleks müalicə tədbirləri nəticəsində baş vermişdir. Beləliklə, əminliklə söyləmək olar ki, ABSQ-nın eroziv-xoralı xəstəliklərinin tətbiq etdiyimiz kompleks müalicə sxemi xəstəliyin residivlərinin qarşısını qismən də olsa alır, həmçinin gələcəkdə baş verə biləcək residivlərin ağırlığını azaldır.
     Müalicədən əvvəl həm orta, həm də ağır dərəcəli eroziv-xoralı xəstələrin sitoloji preparatlarında identik mənzərə müşahidə olunmuşdur. Bu da özünü əsasən neytrofil leykositlərdə göstərir. Onların sayı ağır formada 86,6±2,1; orta ağır formada isə 83,6±2,9 olmuşdur. Zədələnməmiş neytrofillərin sayı 25,9±2,2 və 28,2±1,1-ə müvafiqdir. Nəzərə almaq lazımdır ki, ağır dərəcəli zədələnmələr zamanı faqositar reaksiya müşahidə olunmamış, orta ağırlıq dərəcəsində isə cəmi 2,9±0,3% halda müşahidə olunmuşdur. Patoloji ocaqdaki çoxlu sayda mikrofloranin içində diplostreptokoklar üstünlük təşkil etmişdir.
     ABSQ-nın eroziv-xoralı zədələnmələrinin orta ağırlıq dərəcəsində orqanizmin qoruyucu reaksiyalarının bu qədər üzülməsi sərbəst makrofaqositlərin, yaxud onların tək-tək elementlərinin olmamasını göstərir, orta ağır dərəcəli 6 xəstədə isə limfositlərin sayının (3,1±0,6) azalması baş vermişdir.
     ABSQ-nın ağır dərəcəli eroziv-xoralı xəstəlikləri zamanı orqanizmin müqavimətinin pozulması və ağız boşluğunun selikli qişasının regenerasiya funksiyasının tam itməsi kliniki olaraq da özünü göstərir: bütün bu xəstələrdə xroniki hepatoxolisistit, ürək-damar sistemi tərəfindən ağır pozğunluqlar və s. kimi ağır yanaşı gedən xəstəliklər müşahidə olunmuşdur ki, bu da çox güman ki, orqanizmin reaktivliyinin azalması ilə əlaqəlidir.
     ABSQ-nın yüngül dərəcəli eroziv zədələnmələri zamanı preparatların sitoloji şəkli aşağıdakı kimi olmuşdur: 57,2±2,9 neytrofildən 24,2±1,7 - zədələnməmiş, 11,6±0,4% isə mikroorqanizimlərlə faqositoza uğramışdır. Yüngül dərəcəli xədələnmələr zamanı ağız boşluğunun selikli qişasının regenerator funksiyası qənaətbəxş olmuş və bu təkcə kliniki yox həmçinin sitoloji preparatlarda da özünü göstərmişdir. Preparatlarda 4,1±0,5 sərbəst makrofaqositlər, 5,3±0,4 limfositlər, həmçinin çoxlu sayda cavan (14,3±1,1), aralıq (11,9±1,9) və buynuzlaşmış epitel hüceyrələri (10,3±0,7) müşahidə edilmişdir.
     Qeyd etmək lazımdır ki, əsas və kontrol qruplarda müalicə prosesi zamanı sitoloji şəklin dəyişməsi eyni qanunauyğunluqda olsa da, əsas qrupda azacıq da olsa müsbət dinamika üstünlük təşkil etmişdir.
     ABSQ-nın orta və ağır dərəcəli eroziv-xoralı zədələnmələri zamanı orqanizmin müdafiə reaksiyalarının köklü şəkildə zəifləməsinə baxmayaraq tətbiq etdiyimiz kompleks yerli müalicə zamanı orqanizmin immunobioloji reaktivliyinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi müşahidə olunmuş, bu da öz növbəsində epitelizasıya prosesinin stimullaşmasına təkan vermişdir.
     Yüngül dərəcəli eroziv-xoralı zədələnmələr zamanı 24-48 saatdan sonra sitoqrammada daha nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Belə ki, neytrofillərin ümumi sayı 32,2±1,4-ə qədər azalmış, dağılmış elementlər yalnız 11,2±0,5 civarında qalmış, faqositoz 34,2±1,8-ə qədər yüksəlmişdir. Çoxlu sayda limfositlər (13,2±0,2) və sərbəst makrofaqositlər həm tək-tək, həm də qruplar şəklində (14,6±0,2) olması xarakterikdir. Yastı epiteldə çoxlu sayda həm cavan (17,0±1,2), həm də buynuzlaşmış (28,4±1,3) epitel hüceyrələri müşahidə olnmuşdur. Bu zaman kliniki olaraq eroziya ocağı nekrotik ərpdən təmizlənmiş, eroziya və xoraların olçüləri sürətlə gedən epitelizasiya hesabına kiçilmiş, selikli qişada hiperemiya və şişkinlik demək olar ki, bilinməz hala düşmüşdür.
      ABSQ-nın yüngül dərəcəli zədələnmələrində aparılan müalicə prosesi nəticəsində 3-4-cü gün zədələnmiş selikli qişada epitelizasiya prosesi bitmişdir. Sitoloji preparatlarda bir yerə toplanmış epitelial hüceyrələr (92,7±1,5), tək-tək neytrofillər, 1-2 sərbəst makrofaqositlər, tək-tək limfositlər tapılır.
     ABSQ-nın orta və ağır dərəcəli zədələnmələrində analoji sitoloji mənzərə yüngül formaya nisbətən bir qədər gec baş verir və epitelizasiya 5-6 gün sonra başa çatır.
     Eroziv-xoralı zədələnmələrin bütün ağırlıq dərəcələrinin sitoloji müayinə-lərinin nəticələrinin analizi göstərir ki, bu xəstəlik müəyən sitoliji şəkillə xarakterizə olunur: xəstəliyin bütün ağırlıq dərəcələrində 1-ci gün 1-2-3-cü dərəcəli degenerativ formalı neytrofil leykositlər, həmçinin çoxlu sayda mikroorqanizmlər fonunda yastı epitelin dəyişmiş hüceyrələri müşahidə olunur. Hüceyrəvi elementlərin bu cür vəziyyəti orqanizmin qoruyucu reaksiyalarının üzülməsindən xəbər verir.
     Xəstələrin kompleks müalicəsi zamanı patoloji ocaqların sağalması müşahidə olunmuşdur ki, bu da, hüceyrə elementlərinin nisbətindəki dəyişiklik-lərlə müşahidə edilmişdir. Sağalma zamanı degenerativ formalı leykositlər azalır, sonra isə tamamilə itir, çoxlu sayda mikroorqnizmlərlə faqositoza uğramiş neytrofillər, həmçinin sərbəst makrofaqositlər, limfositlər, yastı epitel hüceyrələri əmələ gəlmişdir. Bu dəyişikliklər müalicə zamanı orqanizmin müdafiə reaksiyaları-nın güclənməsinin göstəricisidir. Eroziya və xoraların sağalması zamanı neytrofillərin sayı həddən çox azalır, mononuklear sıradan olan elementlər itir və çoxlu miqdarda dəyişilmiş çoxqatlı yastı epitel hüceyrələri əmələ gəlmişdir. Eroziv-xoralı xəstələrin preparatlarında sitoloji şəklin normallaşması kliniki sağalma ilə paralel gedirdir ki, bu da xoraların müalicəsində tətbiq etdiyimiz kompleks müalicə sxeminin obyektiv olaraq effektivliyini göstərir.

Nəticələr:

1. ABSQ-nın eroziv-xoralı xəstəliklərinin tətbiq etdiyimiz kompleks müalicə tədbirləri xəstəliyin əsas klinik simptomlarının daha tez bir zamanda zəifləməsini (bəzən isə, aradan qalxmasinı) təmin edir. Bu zaman müsbət nəticə, ənənəvi sxemlərlə müalicə almış xəstələrlə müqayisədə, orta hesabla 1,5-2 gün tez əldə olnur.

2. Hesab edirik ki, əsas klinik effekt - residivlərin qarşısının alınması, residiv baş verdiyi hallarda isə onların daha yüngül formada təzahür etməsi hesab edilə bilər. Orqanizmin spesifik və qeyri-spesifik müdafiə faktorlarının aktivliyinin artması remissiyanın müddətini artırır, bu da ABSQ-nın eroziv-xoralı zədələnmələri zamanı təklif etdiyimiz müalicə sxemini təyin etməyə əsas verir.

 ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРАREFERENCES: 
1.Əliyev M.M., Quliyeva L.X., Əhmədov F.H. Ağız boşluğu  selikli qişasının eroziv-xoralı xəstəliklərinin müalicəsində elektroaktivləşdirilmiş su məlullarının tətbiqi. “Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri”, Bakı, 2002, II cild, səh. 158-160.
2.Банченко Г.В., Максимовский Ю.М., Гринин В.М. Язык – «зеркало» организма. – М., 2000. -407 с.
3.Боровский Е.В., Леонтьев В.К. Биология полости рта. – М.: Медицина, 1991. - 304 с.
4.Гребенников В.А., Белявский А.Д., Каминский М.Ю. Изучение иммунокоррегирующего действия гемосорбции, плазмафереза и энтеросорбции при пузырчатке. Вестник дерматологии, 1990, №5, с.33-38.
5.Данилевский Н.Ф., Леонтьев В.К., Несин А.Ф., Рахний Ж.И. Заболевания слизистой оболочки полости рта. М., 2001. –271 с.
6.Жуматов У.Ж., Жолматов А.А. Опыт применения электроактивированных водных растворов в комплексном лечении пародонтитов у рабочих хлопкоочистительных заводов // «Стоматология» (Центральноазиатский научно-практический журнал) 1998, №2, с.15-17.
7.Заболевания слизистой оболочки полости рта и губ // Под ред. Е.В.Боровского и А.Л.Машкиллейсона. – М.: МЕДпресс, 2001. –320 с.
8.Рабинович И.М., Банченко Г.В., Рабинович О.Ф. Проблемы патологии слизистой оболочки полости рта и перспективы научных исследований. Труды V съезда стоматологической ассоциации России, 1999, с.202-204.
9.Рыбаков А.И., Банченко Г.В. Заболевания слизистой оболочки полости рта. М., «Медицина», 1978. -232 с.
10.Сильвермен С., Эверсоул Л.Р., Трулав Э.Л. Заболевания полости рта. М.: «МЕДпресс-информ», 2010. -472 с.


Müəlliflər:
F. Ə. Ələsgərova
L. X. Quliyeva
A. M. Məmmədova
M. M. Əliyev
A. R. Qasımova

Digər jurnal və qəzetlər