MÜXTƏLIF KAPPA MATERALLARININ AĞIZ BOŞLUĞUNIN VƏZİYYƏTİNƏ TƏSİRİNİN EKSPERİMENTAL QİYMƏTLƏNDİRİLMƏSİ

02-10-2018

Professional idmançılar güclü fiziki və emosional gərginliklərə məruz qalırlar ki, bu da orqanizmin bir sıra arzuolunmaz patologiyaların inkişaf etməsinə gətirib çıxaran ehtiyat qüvvələrinin tükənməsinə səbəb olur (1,2,3,5). Bütün orqanizmdə olduğu kimi yuxarıda qeyd olunan hallarda ağız boşluğunda və toxumalarında da bir sıra çatışmazlıqlar müşahidə olunur ki, bu da ilk olaraq yerli mikroflora, antioksidant və immun sistemdə baş verir. Bu sistemlərdə baş verən dəyişikliklər ağız suyunun funksional olaraq zəifləməsi və burada patogen mikroorqanizmlərin coxalması və aktivləşməsi nəticəsində keyfiyyət dəyişikliklərin baş verməsinə, şərti –patogen mikroorqanizmlərin patogen xarakter daşıması və onların yerli toxumaları qıcıqlandırmaqla destruksiya əlamətləri ilə müşayiət olunur. Əlavə olaraq diş çöküntülərinin intensiv artması da müşahidə olunur ki, bu da kəmiyyətcə artımın göstəricisidi. İdmançılarda parodont toxumalarında baş verən destruktiv proseslər, fizioloji və mikroskopik dəyişikliklər artıq morfoloji olaraq xarakterizə edilir və bu vəziyyət funksional mərhələsi ilə morfoloji mərhələsi arasında keçid mövqeni tutur. Beləliklə, parodont toxumaları orqanizmdə baş verən bir sıra dəyişiklikləri özündə əks etdirir ki, onlar ümumi hipoksiya hallarına qarşı daha çox reaksiya verir və bu da intensiv məşqlər və yarışlar zamanı müşahidə oluna bilər (4). Qeyd olunanları nəzərə alsaq idmançılar arasında stomatoloji statuslar üzrə ağız boşluğu toxumalarının vəziyyətini xarakterizə edən tədqiqatlarn aparılması, patoloqiyaların aradan qaldırmaq ücün erkən mərhələrdə diaqnostika və müalicə tədbirlərini yüksək səviyyədə icra etmək məqsədəuygundur. Bu baximdan idmancılarda stomatoloji yardıma ehtiyac dərəcəsinin öyrənilməsi və uyğun müalicə tədbirlərinin vaxtında icra edilməsi onlarda effektiv profilaktika tədbirlərinin təşkilində mühüm rol oynayacaqdir.

Tədqiqatın məqsədi:Müxtəlif materiallarınağız boşluqu toxumalarının vəziyyətinə təsirinin müqayisəli qiymətləndirilməsi.

Tədqiqatin material və metodlari Tədqiqatın məqsəd və planına uyğun olaraq müxtəlif tərkibli kappa qoruyucuların istifadəsi zamanı onların ətraf yumşaq toxumalara təsirini müəyyən etmək məqsədi ilə adi dovşanlar üzərində eksperiment modeli yaradılmışdır. Baş verən dəyişikliklərə müqayisəli şəkildə 30 və 90 gün müddətində histoloji müayinələrin köməkliyi ilə nəzarət edillmişdir.

Təcrübə modelinin yaradılması.Təcrübə məqsədi ilə 30 ədəd 2,6-3,2 kg ağırlıqda və 1-2 yaşında adi dovşanlar seçilmişdir. Dovşanlarda hər hansı bir somatik xəstəliyin olmamasına diqqət yetirilmişdir. Hər bir təcrübə heyvanının hər iki aşağı ətrafında eksperimental model yaradılaraq ümumilikdə 60 eksperimental model əldə edilmişdır. Bunun üçün ilk növbədə aşağı ətrafların əməliyyat icra olunacaq hissəsində dəri tüklərdən təmizlənmişdir. Ağrısızlaşdırma məqsədi ilə əməliyyat sahəsi 1,0 %`li novokain məhlulu tətbiq edilərək blokadaya alınmışdır. Ağrısızlaşdırma aparıldıqdan sonra dəri sadə insiziya ilə dərialtı toxuma görünənə qədər açılmışdır. Dəri kiçik bir sahədə küt üsulla aralanaraq dərialtı toxumada kiçik bir boşluq yaradılmışdır. Həmin boşluğa təcrübə üçün seçilmiş və əvvəldən hazırlanmış müxtəlif tərkibli kappa qoruyuculardan ibarət, 1.0-1.5 sm diametrdə yad hissəcik yerləşdirilmişdir. Həmin hissəciyin ətraf toxumlara bərkidilməsi üçün əlavə tikiş və ya digər vasitələr istifadə edilməmişdir. Beləliklə də ətraf toxumaların yalnız kappa qoruyucunun təsirinə məruz qalması təmin edilmiş, həmçinin əlavə vasitələrin ikincili dəyişiklik yaratmasının və histoloji görüntünü dəyişməsinin qarşısı alınmışdır. Hissəcik yerləşdirildikdən sonra dəri sintetik tikiş materialı ilə fasiləli tikiş  tətbiq edilərək tikilmişdir. Cərrahi yara hər gün 70%-li spirt və 5%-li lyuqol məhlulu ilə təmizlənmişdir. Tikişlər 5-7 gün sonra çıxarılmışdır. Bütün təcrübə heyvanlarında cərrahi yara heç bir ağırlaşma olmadan birincili sağalmışdır.

Hər bir təcrübə heyvanında bir ətrafda təcrübə modeli 30 gün, digər ətrafda isə 90 gün müddətində saxlanılmışdır. Təcrübə müddəti bitdikdən sonra kappa qoruyucudan ibarət hissəcik dəri və dərialtı toxumalar ilə birlikdə eksizyon tədbiq edilərək çıxarılmışdır. Bunun üçün yenə ağrısızlaşdırma məqsədi ilə əməliyyat sahəsi 1,0 %`li novokain məhlulu tətbiq edilərək blokadaya alınmışdır. Sadə insizyon ilə əməliyyat çapığının ətrafından dəridə elips şəklində kəsik aparılmışdır. Həmin kəsik dərialtı toxumaya qədər dərinləşdirilmişdir və beləliklə dəri və dərialtı toxuma kappa qoruyucudan ibarət hissəcik ilə birlikdə konus şəklində çıxarılmışdır. Dəri və dərialtı toxuma çıxarıldıqdan sonra yara kənarları yaxınlaşdırılaraq cərrahi tikiş ilə tikilmişdir. İlk əməliyyatda olduğu kimi burada da dəri sintetik tikiş materialı ilə fasiləli tikiş tətbiq edilərək tikilmişdir. Cərrahi yaranın  təmizlənməsi üçün hər gün 70%-li spirt və 5%-li lyuqol məhlulu istifadə edilmişdir. Tikişlər 5-7 gün sonra çıxarılmışdır. Bütün təcrübə heyvanlarında cərrahi yara heç bir ağırlaşma olmadan birincili sağalmışdır.Təcrübə müddətində tələf olan və ya hər hansı bir digər səbəbdən təcrübədən kənarlaşdırılan heyvan olmamışdır.

Təcrübəyə cəlb edilən dovşanlar kappa qoruyucunun tərkibindən asılı olaraq hər birində 10 dovşan olan 3 qrupa bölünmüşdür: I qrup (I nəzarət qrupu) – hər iki aşağı ətrafında dərialtına termoplast tərkibli hissəcik yerləşdirilən 10 dovşandan ibarətdir; II qrup (II nəzarət qrupu) – hər iki aşağı ətrafında dərialtına silikon tərkibli hissəcik yerləşdirilən 10 dovşandan ibarətdir; III qrup (əsas qrupu) – hər iki aşağı ətrafında dərialtına poliuretan tərkibli (ticari adı valplast®) hissəcik yerləşdirilən 10 dovşandan ibarətdir.

Tədqiqatin nəticələriTəcrübə müddətində müxtəlif qruplarda neytrofil infiltrasiyasının intensivliyi cədvəl 1-də göstərilmişdir.

Сədvəl  № 1.

Neytrofil infiltrasiyasının təcrübənin 30 və 90-cı günündə müxtəlif qruplardakı intensivliyi.

Qruplar

Təcrübə

müddəti

I

II

III

30 gün

0,6±0,699

0,6±0,516

0,5±0,527

90 gün

0,2±0,421

0

0,1±0,316

I – termoplast tərkibli qoruyucu maddə tətbiq edilən qrup; II – silikon tərkibli qoruyucu maddə tətbiq edilən qrup; III – poliuretan tərkibli qoruyucu maddə (valplast®) tətbiq edilən qrup. Təcrübənin 30-cu günündə alınan nümunələrdə eozinofil infiltrasiyası təcrübə qruplarının hamısında bu və ya digər dərəcədə qeydə alınmamışdır. Ən çox eozinofil infiltrasiyası termoplast təbiq edilən qrupda görülmüşdür. Burada nümunələrin əksəriyyətində müxtəlif dərəcədə, digər iltihab hüceyrələri ilə qarışıq şəkildə eozinofillər qeydə alınmışdır. İntensivliyi daha az olan eozinofil infiltrasiyası silikon tətbiq edilən qrupda, ən az poliuretan tərkibli qoruyucu istifadə edilən qrupda görünmüşdür (şəkil 1). Təcrübənin 90-cı günü termoplast tətbiq edilən qrupda eozinofillərin miqdarı kəskin şəkildə artmışdır. Silikon və poliuretan tərkibli qoruyucu istifadə edilən qruplarda da eozinifillər artmış, lakin ilk həftə ilə müqayisədə eozinofil sayında cüzi fərq olduğu müəyyən edilmişdir. Eozinofil infiltrasiyası olan nümunələrdə eozinofillər əsasən damarətrafı sahələrdə yerləşmişdir. Bilavasitə kappa qoruyucu materialın ətrafında eozinofillərin daha intensiv olması qeydə alınmışdır.

 

Eozinofil infiltrasiya-sının orta göstəricisinə əsasən aparılan müqayisəli təhlil zamanı təcrübənin 30-cu günü termoplast və poliuretan tətbiq edilən qruplar arasında zəif dərəcəli (p=0,018); təcrübənin 90-cı günü isə termoplast və silikon tətbiq edilən qruplar arasında zəif dərəcəli (p=0,031), termoplast və poliuretan tətbiq edilən qruplar arasında isə orta dərəcəli (p=0,001) statistik dürüst fərq aşkarlanmışdır. Bu nəticəyə əsasən demək olar ki, tətbiq edilən kappa qoruyucu materiallarının hamısında bu və ya digər dərəcədə allergik reaksiya müəyyən edilmişdir. Poliuretan maddənin ən az, silikonun daha çox, termoplast maddəsinin isə ən çox allergik reaksiya yaratdığı görünmüşdür.

Şəkil 1. Poliuretan tərkibli qoruyucu tətbiq edilən qrupda yumşaq toxumalarda fibroz fonunda limfosit, histiosit, giqant çoxnüvəli hüceyrələr və az sayda eozinofil toplanması,  təcrübənin 30-cu günü (boyaq: hematoksilin-eozin, böyütmə: х100).

Təcrübə müddətində müxtəlif qruplarda eozinofil infiltrasiyasının intensivliyi cədvəl 2-də göstərilmişdir.

Сədvəl  № 2.

Eozinofil infiltrasiyasının təcrübənin 30 və 90-cı günündə müxtəlif qruplardakı intensivliyi.

Qruplar

Təcrübə

müddəti

I

II

III

30 gün

1,5±0,707

1,2±0,632

0,7±0,674

90 gün

2,2±0,788

1,5±0,527

0,9±0,737

I – termoplast tərkibli qoruyucu maddə tətbiq edilən qrup; II – silikon tərkibli qoruyucu maddə tətbiq edilən qrup; III – poliuretan tərkibli qoruyucu maddə (valplast®) tətbiq edilən qrup. 

Histiosit infiltrasiyası da bütün müşahidə qruplarında intensiv olması ilə fərqlənmişdir. Belə ki, bütün təcrübə qruplarına aid nümunələrdə təcrübə müddəti boyunca bu və ya digər dərəcədə histiosit infiltrasiyası görünmüşdür. Digər iltihab hüceyrələrindən fərqli olaraq histiositlər qruplaşmalar əmələ gətirmiş, bir çox nümunədə isə kiçik qranuloma formasiyaları şəklində görünmüşdür. Histiosit infiltrasiyasının başqa bir xüsusiyyəti isə bilavasitə kappa qoruyucu materialının ətrafında toplanmış olmasıdır. Belə ki, bütün nümunələrdə histiositlər istisnasız olaraq kappa qoruyucu materialı bilavasitə əhatə edən toxumalarda görünmüş, bu sahədən uzaq yerlərdə isə qeydə alınmamışdır (şəkil 2).

Şəkil 2. Poliuretan tətbiq edilən qrupda fibroz fonunda kappa qoruyucunun bilavasitə ətrafında limfositlər və histiositlər, təcrübənin 30-cu günü (boyaq: hematoksilin-eozin, böyütmə: х40).

Bir neçə nümunədə isə histiositlərlə yanaşı az sayda köpüklü makrofaqlar müəyyən edilmişdir. Histiosit infiltrasiyası toplanan nahiyyələrdə limfositlərin də üstünlüyü diqqəti cəlb etmişdir. Təcrübənin 30-cu günündə histiosit infiltrasiyasının ən intensiv olduğu qrup poliuretan maddə tətbiq edilən qrup olmuşdur. Silikon tətbiq edilən qrupda daha az, termoplast tətbiq edilən qrupda isə ən az histiosit infiltrasiyası görünmüşdür. Təcrübənin 90-cı günündə bütün qruplarda histiositlərin intensivliyi artmışdır. Bu dövrdə alınan nümunələrdə də yenə ən intensiv histiosit infiltrasiyası poliuretan maddə tətbiq edilən qrupda qeydə alınmışdır. Termoplast tətbiq edilən qrupda nisbətən daha az, silikon tətbiq edilən qrupda isə ən az histiosit infiltrasiyası görünmüşdür. Statistik hesablamalar zamanı qruplar arasında histiosit infiltrasiyası baxımdan əhəmiyyətli fərq aşkar edilməmişdir.

Təcrübə müddətində müxtəlif qruplarda histiosit infiltrasiyasının intensivliyi cədvəl 3-də göstərilmişdir.

Сədvəl3.

Histiosit infiltrasiyasının təcrübənin 30 və 90-cı günündə müxtəlif qruplardakı intensivliyi.

Qruplar

Təcrübə

müddəti

I

II

III

30 gün

1,2±0,421

1,3±0,483

1,5±0,527

90 gün

2,1±0,737

1,9±0,737

2,2±0,632

I – termoplast tərkibli qoruyucu maddə tətbiq edilən qrup; II – silikon tərkibli qoruyucu maddə tətbiq edilən qrup; III – poliuretan tərkibli qoruyucu maddə (valplast®) tətbiq edilən qrup. 

Histiositlər ilə yanaşı təcrübə heyvanlarına aid nümunələrin əksəri-yyətində giqant çoxnüvəli hüceyrələrə rast gəlinmişdir. Histiositlər kimi onlar da bilavasitə kappa qoruyucu materialının bilavasitə ətrafında yerləşmişdir. Bəzi nümunələrdə hətta bu giqant çoxnüvəli hüceyrələrin kappa qoruyucu materialı əhatə etdiyi görünmüşdür.

Nümunələrdə həm Langhans tipli, həm də yad cism tipli giqant çoxnüvəli hüceyrələr qeydə alınmışdır. Dinamik müşahidədə nümunələrdə görünən giqant çoxnüvəli hüceyrələrin miqdarında kəskin artım qeyd edilmişdir. Bir çox nümunədə giqant çoxnüvəli hüceyrələr histiosit və limfositlər ilə birlikdə aqreqatlar - qranuloma formasiyaları əmələ gətirmişdir. Təcrübənin 30-cu günündə ən çox giqant çoxnüvəli hüceyrə və qranulasiya formasiyası cüzi fərqlə silikon tətbiq edilən qrupda qeydə alınmışdır (şəkil 3). Bu kimi dəyişikliklər digər qruplarda minimal fərqlə daha az görünmüşdür. Təcrübənin 90-cı günü isə giqant çoxnüvəli hüceyrə və qranulasiya formasiyasının intensivliyi kəskin şəkildə artmış, poliuretan tətbiq edilən qrupda ən intensiv, silikon tətbiq edilən qrupda nisbətən az, termoplast təbiq edilən qrupda isə minimal həddə görünmüşdür. Müşahidələr göstərmişdir ki, histiosit infiltrasiyası, eləcə də giqant çoxnüvəli hüceyrə və qranulomaların yaranması akril plastmas materialın növündən asılı olmadan qeyri-spesifik reaksiya şəklində baş verir. Onların yaranmasının səbəbi sadəcə toxuma daxilində yad maddənin olmasından ibarətdir.

Şəkil 3. Silikon maddə tətbiq edilən qrupda onun ətrafındakı toxumalarda intensiv fibroz və kollagen proliferasiyası, giqant çoxnüvəli hüceyrələr, təcrübənin 30-cu günü (boyaq: hematoksilin-eozin, böyütmə: х100).

Statistik hesablamalar zamanı qruplar arasında giqant çoxnüvəli hüceyrə və qranulomaların yaranması baxımdan əhəmiyyətli fərq aşkar edilməmişdir.

Təcrübə müddətində müxtəlif qruplarda giqant çoxnüvəli hüceyrələrin və qranulomaların intensivliyi cədvəl 4-da göstərilmişdir.

Сədvəl4.

Giqant çoxnüvəli hüceyrələrin və qranulomaların yaranmasının təcrübənin 30 və 90-cı günündə müxtəlif qruplardakı intensivliyi.

Qruplar

Təcrübə

müddəti

I

II

III

30 gün

0,6±0,699

0,8±0,788

0,7±0,674

90 gün

2,0±0,942

2,2±0,918

2,5±0,707

 

I – termoplast tərkibli qoruyucu maddə tətbiq edilən qrup; II – silikon tərkibli qoruyucu maddə tətbiq edilən qrup; III – poliuretan tərkibli qoruyucu maddə (valplast®) tətbiq edilən qrup.

Kəskin iltihabı xarakterizə edən neytrofil infiltrasiyası kimi kəskin toxuma zədələn-mələri üçün xarakterik olan nekrotik dəyişikliklər də sporadik olaraq sadəcə bir neçə nümunədə görünmüşdür. Təcrübənin 30-cu günü hər üç qrupda sadəcə bir neçə nümunədə fokal nekroz ocağı qeydə alınmışdır. Təcrübənin 90-cı günü isə nekroz yalnız termoplast tətbiq edilən qrupda bir neçə nümunə görünmüş, digər qruplarda isə nekroz qeydə alınmamışdır.

Nekroz ocağının göründüyü hadisələrdə eyni zamanda həmin nahiyyədə az sayda neytrofil infiltrasiyası da müəyyən edilmişdir. Nekroz sahələri işemik tipli olub daxilində bakterial koloniya və digər infeksion amillər təyin edilməmişdir. Statistik təhlil zamanı qruplar arasında nekrotik dəyişikliklər baxımdan əhəmiyyətli fərq aşkarlanmamışdır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Антонова И. Н. Роль нарушений психологической адаптации в патогенезе хронических воспалительных заболеваний пародонта у спортсменов Автореферат док.дисс , 2008. – 35 с.
2.Афанасьева И. А. Неспецифические показатели иммунной защиты при перенапряжении у спортсменов / Материалы  III Международного конгресса «Человек, спорт, здоровье».– Санкт-Петербург, 2007. – С. 14–15.
3.Донников А. Е. Взаимосвязь переносимости физической нагрузки с показателями срочной адаптации иммунной системы: Автореф. дис. … канд. мед. наук : Москва, 2009. – 24 с.
4.Skaret E., P Weinstein, P Milgrom et al.  Factors related to severe untreated tooth decay in rural adolescents: a case-control study for public health planning // Int. J. Paediatr. Dent. – 2004. – Vol.14, N 1. – P. 17–26.
5.Fahlman M. M. Mucosal IgA and URTI in American college football players: a year longitudinal study // Med. Sci. Sports Exerc. – 2005. – Vol. 37, N 3. – Р. 374–380.


Müəlliflər:
C.Q. Hacıyev
E.E. Babayev

Digər jurnal və qəzetlər