ENDOKRİN XƏSTƏLİKLƏRİ FONUNDA OCAQLI ALOPESİYALI XƏSTƏLƏRDƏ HORMONAL STATUS VƏ PSİXOEMOSİONAL VƏZİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ

09-04-2009

Ocaqlı alopesiya xəstəliyi (alopesia areata) müasir dövrümüzün aktual mövzularından biri olub, qəflətən başın tüklü (qaş, kirpik, saqqal və s .nahiyələr də ola bilər) nahiyəsində tükdən məhrum olmuş ocaqların əmələ gəlməsi ilə xarakterizə edilir. Bu xəstəlik ildən-ilə artması və müalicəyə çətin tabe olması ilə yanaşı, həmçinin kosmetoloji deffekt kimi şəxsiyyətin düzgün formalaşmasına, onun həyat tərzinin keyfiyyətinə, ətraf mühitə olan sosial-psixoloji adaptasiya reaksiyalarına qeyri adekvat cavab verməsinə səbəbdir. Ocaqlı alopesiya (O /A) xəstəliyinin etiopatogenezi haqqında çoxlu mülahizələr (endokrin, autoimmun, neyrotrofik, stress, nəsillik, infeksion və s.) irəli sürülməsinə baxmayaraq, xəstəlik tam öyrənilməmiş (6,7) və bu səbəbdən də onun müalicə və profilaktikası işində həkimlər çətinliklərlə belə ki, xəstəliyin tez-tez residiv verməsi, sadə formadan tezliklə total, hətta universal formaya çevrilməsi və s. ilə qarşılaşırlar. Əksər xəstələr xəstəliyin başlanğıcını keçirtdikləri stresslə əlaqələndirir. Bu səbəbdən biz endokrin xəstəlikləri fonunda yaranmış O/A-xəstəliyinin  nə dərəcədə əsəb sistemi ilə sıx bağlı olduğunu müəyyənləşdirməyi qərara aldıq.

İşin məqsədi : Endokrin xəstəlikləri fonunda əmələ gələn O/A-lı xəstələrdə hormonal və psixoemosional statusun öyrənilməsi, həmçinin xəstəliyin inkişafında psixotravmatik amillərin rolunu müəyyənləşdirməkdir. 

Xəstələr və müayinə üssulları: Tədqiqat obyekti kimi 13 subklinik hipotrioz, 2 autoimmun hipotrioz, 6 şəkərli diabet, 1 Bazedov xəstəliyi, 5 yumurtalığın polikistozu diaqnozu təyin edilmiş 27 O/A-lı xəstə  (bunlardan 18-si qadın, 9-u kişi) müayinədən keçirilmişdir. Xəstələrin yaşı 15-56 yaş hədlərində, xəstəliyin baş vermə müddətinə görə 1 aydan - 12 ilə kimi, O/A –nın formalarına görə isə 8-də sadə, 11-də çoxocaqlı, 6-da subtotal və total, 2-də isə universal ocaqlı alopesiya müəyyən edilmişdir. Kontrol qrup kimi endokrin xəstəliyi olmayan 11 O/A-lı xəstə müayinəyə daxil edilmişdir. Onlardan 7-si kişi, 4-ü qadındır, yaş həddləri 11-32 arasında, ocaqların əmələgəlmə müddəti 3 aydan -5 ilədək, ocaqların formalarına görə 2 nəfərdə sadə, 7 nəfərdə çoxocaqlı və 3 nəfərində subtotal formadır.

Toplanılan anamnezlərə görə hər 2 qrupa aid edilən xəstələr ocaqların əmələ gəlməsini bilavasitə aldıqları psixotravma (stresslə) ilə əlaqələndirirlər, bunlardan yalnız 5- i ocaqların yaranmasını heç nə ilə əlaqələndirə bilməmişdirlər.

Endokrin xəstəliyinə düçar olan ocaqlı alopesiyalı xəstələrin hormonal statusunu müəyyənləşdirmək məqsədilə hər 2 grupun xəstələrindən qan götürülmüş və yarım avtomat immunoferment analizator (Rayto 2100 C) vasitəsilə plazmada AKTH, kortizol və prolaktinin səviyyəsi müayinə olunmuşdur.(4) Qanın müayinəsi əsas endokrinolojı xəstəliyin hormonal fonu (hər bir endokrinolojı xəstənin özünəməxsus hormonaları analiz olunmuşdur) nəzərə alınmaqla saat 10 radələrində, qadınlarda follikulyar fazada aparılmışdır.

AKTH, prolaktin və kortizol stress və psixoemosional faktorlara cavab olaraq dəyişən hormonlardır. Kortizol stress zamanı orqanizmin birbaşa olaraq müdafiə reaksiyasına təsir edir, hüceyrə metabolizminin səviyyəsini yüksəldərək, qara ciyərin iş fəaliyyətini yaxşılaşdırır, damarları daraldaraq qan təzyiqini yüksəldir, cüzi də olsa iltihab və allergiya əleyhinə təsir edir. Lakin kortizolun bu fəaliyyəti heç də avtonom deyildir. Stress zamanı impuls hipotalamusa, oradan xüsusi hormon vasitəsilə hipofizə ötürülür. Hipofizdə AKTH  ifraz olunur və qan vasitəsilə böyrəküstü vəzlərə çatdırılır və bunun sayəsində kortizol sintez olunur. Kortisolun təsiri ilə xüsusi zülali maddələr sintez olunur ki, bu da orqanizmi stressə cavab vermək üçün hazırlayır. Orta hesabla gün ərzində normada 25 qram kartizol sintez edilir, stress zamani bu rəqəm bir neçə dəfə artmış olur.(6,7,8)

Prolaktin polipeptid hormon olub hipofizin asidofil hüceyrəli laktotrofları tərəfindən sintez olunur, hamiləlik və hipofizin adenoması zamanı aktivliyi yüksəlir. Orqanizmdə prolaktinin səviyyəsi prolaktostatin (prolaktinin sintezini tormozlayır) və tiroliberdən (prolaktinin sintezini stimullaşdırır) asılıdır.

Stress şəraitində hipotalamusda dofaminlərin artması, orqanizmdə dövr edən prolaktinin azalmasına səbəb olur. Kəskin stress zamanı plazmada prolaktinin miqdarı ani olaraq artır, lakin psixotravma uzunmüddətli olarsa hipotalamo-hipofizar-adrenalin oxu boyunca tükənmə baş verir ki, bunun nəticəsində də prolaktinin miqdarı azalır (8).

H.Bern prolaktinin dəri törəmələrinin strukturuna, piy vəzlərinin ölçüsünə və aktivliyinə, məməlilərdə tük örtüyünün inkişafına təsir etdiyini göstərir.(2)

Müəyyən edilmişdir ki, stress vəziyyətlərində vegetativ sinir sisteminin (VSS) simpatik şöbəsi aktivləşir. VSS-nin simpatik şöbəsinin funksiyası bilavasitə endokrin və mərkəzi sinir sistemlərinin requləedici təsirindən asılı olduğuna görə labil və hərəkidir. (3) Hipotalamus və limbik sistem emosional reaksiyaların, vegetativ fəaliyyətin düzgün idarə olunmasına cavabdehdir

Vegetativ sinir sistemini qiymətləndirmək məqsədilə hər iki qrupdan olan xəstələrə aşağıda sadalanan nevroloji-klinik  müayinə testləri aparılmışdır.(3,5)

- Kardo vegetativ indeksinin təyini.

Vİ = ( 1 - D/P ) x 100

Burada D – diastolik təzyiq, P – ürək yığılmasının sayı

Vİ = 0 olarsa bu vegetativ tarazlığı, mənfi olarsa parasimpatik tonusu, müsbət olarsa simpatik tonusu göstərmiş olar.

-Dermoqrafizm (mexaniki qıcıqların təsirindən yerli olaraq dərinin rənginin dəyişilməsidir)

-Dərialtı adrenalin sınağı (vegetativ reaktivliyi təyin etmək üçün dərialtına 0,2 ml adrenalin yeridilir, əmələgəlmə və sorulma müddətinə, ləkənin ölçüsünə əsasən fikir yürüdülür)

-Pasientlərin psixoemosional sferasını, həyəcanlıq səviyyəsini və reaktivliyini öyrənmək üçün hər 2 qrupun xəstələrinə Spilberger-Xaninin şəxsiyyətin reaktivlik və həyəcanlıq testi təqdim olunmuşdur.(1,9) 

Nəticələr və onların müzakirəsi: AKTH və kortizolun müayinəsindən alınan cavablara əsasən demək olar ki, hər 2 qrupun xəstələrində bu göstəricilər ya dəyişilməyib, və ya çox cüzi fərq var.

Endokrin xəstəliyi fonunda yaranan O/A-lı xəstələrin əksəriyyətində isə (20 xəstədə) prolaktinin plazmada səviyyəsi aşağıdır, yalnız 7 xəstədə normal hüdudlardadır. Lakin 2-ci qrupun xəstələrinin 9 - da prolaktinin göstəricisi normada, 2-də isə yüksək olmuşdur. Hormonal statusun tədqiqindən alınan nəticələrdən belə fikir yürütmək olar ki, endokrin xəstəsi istər-istəməz daima əsəbi gərginlik vəziyyətində olduğu halda, ikinci bir xəstəliyin yaranması xəstənin əsəb sisteminin xroniki halına gətirib çıxarır ki, bu da hipotalamo-hipofizar-adrenalin sisteminin tükənməsi və qanda prolaktinin azalmasına səbəb olur.

Endokrin xəstəlikləri fonunda keçən O/A –lı xəstələrin vegetativ sinir sistemini

qiymətləndirilməsi üçün apardığımız tədqiqatların nəticələri:

Cədvəldə qeyd olunan fərqlərdən belə nəticəyə gəlmək olar ki, hər 2 qrupun xəstələrində VSS-nin simpatik şöbəsinin aktivliyi yüksəkdir, xüsusilə 1-ci qrup xəstələrdə.

Endokrin pozğunluğu fonunda keçən O/A-lı xəstələrin hamısında dərinin vegetativ tonusu simpatik mənşəli olduğu halda, 2-ci qrupun xəstələrinin 4 nəfərində parasimpotik aktivlik müşahidə olunmuşdur.

Dərialtı adrenalin sınağında hər iki qrupun xəstələrinin 2/3-nin dərisinin vegetativ tonusu (ləkənin əmələgəlmə və sorulma müddəti normadan çox olmuşdur) simpato-adrenalin aktivliyində idi.

Cədvəl  № 1

Kardo vegetativ indeksinin hesablanmasından alınan nəticələrin müqayisəsi

 

I qrup xəstələr

II qrup  xəstələr

kişi

qadın

kişi

qadın

N

+

-

N

+

-

N

+

-

N

+

  -

Qalxanvari  vəzin xəs- təlikləri

1

5

-

1

9

-

-

-

-

-

-

-

Şəkərli  diabet     

-

3

-

-

3

-

-

-

-

-

-

-

Yumurtalıqların polikistozu

-

-

-

1

4

-

-

-

-

-

-

-

O/A-lı xəstələr

-

-

-

-

-

-

2

5

-

1

3

-

 

Beləliklə VSS-nin müayinəsindən aldığımız nəticələrə əsasən belə bir fikrə gəlmək olar ki, bütün ocaqlı alopesiya xəstələrində vegetativ sinir sisteminin simpotik şöbəsi daha aktiv fazada olur.

Spilberger-Xaninin şəxsiyyətin reaktivlik və həyəcanlıq vəziyyətini təyin etmək üçün tərtib etdikləri testin cavablarından məlum olur ki, O/A-lı xəstələr üçün depressiv əhval-ruhiyyə (xüsusilə kişilərdə), reaktivliyin və həyəcanın yüksəlişi (xüsusilə qadınlarda) xasdır.

Xəstələrin müayinəsi zamanı  qalxanvari vəzin xəstəlikləri fonunda yaranan O/A xəstəliyi ilə yanaşı diffuz tük tökülmə, polikistozlu O/A-lı xəstələrdə ocaqlarla yanaşı çox vaxt androgen alopesiya (lokal olaraq alın-təpə nahiyəsində seyrəklik), şəkərli diabetdə isə vaxtından qabaq saçın ağarmasını müşahidə etmişik.

Endokrin xəstəlikləri fonunda yaranan O/A –lı xəstələrin əsəb sistemi çox labil və oyanıqdır. Belə fonda xəstəliyin klinik gedişatı (ocaqların böyüyüb birləşməyə meyilli olması, tez bir zamanda geniş sahəni əhatə etməsi və s.), müalicəyə çətin tabe olması, tez-tez residivlərin verməsi xasdır. Klinik müşahidələr və xəstələrdən toplanılan məlumatlar göstərir ki, belə xəstələr daima təşviş, qorxu içində yaşayır, əhval ruhiyyələri depressiv fonda olur, yuxusuzluq və inamsızlıq onları daima müşahidə edir. Xəstələrə hər iki xəstəlik mənəvi sarsıntı verir. Belə hal endokrin xəstəlikləri fonunda daha ağır keçir və hər iki xəstəliyin ağırlaşmasına səbəb olur. Bütün bunları nəzərə almaqla O/A-lı xəstəliyin müalicəsində dermatoloqlarla yanaşı nevropatoloqların və psixoterapevtlərin yaxından iştirakı çox vacibdir.

 

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1. Березин Ф.Б., Мирошников М.П., Рожнец Р.В. Методика многостороннего исследования личности. – М., 1976.

2. Bern H.A., Nicoli C.S. La specifite zoologygne des hormones hypophysaire of de ledo activites.-Paris, 1969. 193 

3. Зубкова С.Т. Клинические и диагностические аспекты вегетативных нарушений у больных с эндокринной патологией  - М., 2008 стр. 26-27

4. Ткачева Г.А., Балаболкин М.И., Ларичева И.П. Радиоиммунохимические методы исследования.- М., 1983.

5. Русецкий И.И. Вегетативные нервные нарушения .- М., 1958.

6. Рук А., Даубер Р. Болезни волосистой части головы . – М., 1985. 528

7. Friedmann P.S. Alopecia areata and autoimmunity. Br J Dermatol 1981;157

8. Ундрицов В.М.  Эмоционально-личностные особенности, нервно-эндокринные изменения у больных гнездной алопецией и методы комплексной патогенетической терапии. Дис...к.м.н. М. 1987

9. Ханин Ю.Л. Краткое руководство к применению шкалы реактивной и личностной тревоги И.Д.Спилбергера.-  Л., 1976

10. Юсифли Р.М. Учебно методические рекомендации по судебно – медицинской экспертизе волос. Баку-1988. 17.


Müəlliflər:
S.M. Kərimova
M.M. Məmmədova
J.I. Qarayeva

Digər jurnal və qəzetlər