ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ ORTOPEDİK STOMATOLOJİ MÜALİCƏ

31-03-2009

Şəkərli diabet pankreasda insulinin lazımi qədər ifraz olunmaması və ya toxumaların insulinə həssaslığının azalması, həmçinin bu iki səbəbin kombinasiyasının nəticəsi olaraq hiperqlikemiyaya səbəb olan metabolik pozğunluqlar qrupudur.

Son bir neçə onillik ərzində bütün dünyada şəkərli diabetli xəstələrin sayı 2,5 dəfə artmışdır və hal – hazırda 225 mln. nəfərə çatır. Ölkəmizdə isə bu xəstəlikdən əziyyət çəkən insanların sayı 102364 nəfərdir. 

ŞD xəstəliyinin ağız boşluğunda təzahürü çox spesifik və rəngarəngdir. Yerli immun reaksiyaların zəifləməsi, damar sistemi pozğunluğu nəticəsində tez-tez baş verən qanaxmalar, selikli qişada quruluq və pastozluq, dişlərin ərp və daşlarla örtülməsi, hiposalivasiya, ağız suyunun ümumi fibrinolitik aktivliyinin artması, parodont toxumasının zədələnməsi, sümük toxumasının rezorbsiyası şəkərli diabetli xəstələrin 51%-dən 98%-ə qədərində müşahidə olunur. Normal halda parodonta düşən təzyiq şəkərli diabeti olan insanlarda travmatik təsir göstərərək rezorbsiya prosesini daha da sürətləndirir [2],[5].

Stomatoloji xəstələrdə ŞD-in mövcudluğu ağız boşluğunda aparılan bütün proseslərə mənfi təsir göstərərək parodontoloji müalicənin aparılmasını çətinləşdirir [3].

Mövcud ədəbiyyatın analizi belə nəticəyə əsas verir ki, müxtəlif diş və diş sırası qüsurları olan şəkərli diabetli xəstələrin ortopedik stomatoloji reabilitasiyasının müsbət nəticəsi istifadə olunan material, texnologiya və konstruksiyalarla yanaşı orqanizmin ümumi vəziyyətindən də asılıdır.

Həmçinin yaddan çıxarmaq olmaz ki, ortopedik müalicə özü əsas stomatoloji xəstəliklərin inkişafı üçün əlavə risk faktoru ola bilər. Ağız boşluğunun və protezlərin funksional vəziyyətinə daxili orqanların və sistem xəstəliklərin rolu çox böyükdür və bu faktor çox vaxt ortoped – stomatoloqların klinik təcrübələrində nəzərə alınmır [1].

Ağır somatik xəstəlik nəticəsində üz-çənə sistemində baş verən ağırlaşmaları nəzərə alaraq ŞD-li xəstələrin stomatoloji müalicəsi zamanı diş protezləri və şinaların hazırlanması zamanı istifadə olunan material və konstruksion elementlərin seçilməsinə çox böyük həssaslıqla yanaşmaq lazımdır. Bu material və elementlər möhkəm və estetik olmaqla yanaşı həmçinin bioinert olmalıdırlar[6],[7].

Tətqiqatın məqsədi. Tətqiqat zamanı əsas məqsədimiz ŞD-li xəstələrin ortopedik müalicəyə tələbatını öyrənmək və protezləmə üçün optimal konstruksiya və materialları araşdırmaq olmuşdur.

Müayinə üsulları və materiallar.Tətqiqat müddətində nəzarətimiz altında 97 nəfər olmuşdur. Əsas qrupu yaş həddi  35-dən 75-ə olan 29-u kişi və 34-ü qadın olmaqla ümumilikdə 63 nəfər müxtəlif dərəcəli ağırlıqlı şəkərli diabetli xəstələr təşkil etmişdir. Xəstəliyin davametmə müddəti 1 ildən 23 ilədək dəyişir. İlkin stomatoloji baxış zamanı bütün xəstələr davamlı qlikemik vəziyyətdə endokrinoloqun nəzarəti altında olmuşlar. Şəkərli diabet diaqnozu həkim – endokrinoloq tərəfindən klinik müayinələr və laborator analizlərə əsasən qoyulmuşdur (ÜST-nın təsnifatı,1999). Müayinə zamanı xəstəliyin davametmə müddəti, remissiyanın davamlılığı və müddəti həmçinin ağırlaşmaların mövcudluğu nəzərə alınmışdır. Müqayisə qrupunu yaşı 38-dən 73-ə qədər olan 34 nəfər müxtəlif diş sırası defektləri  olan pasiyentlər təşkil etmişdir (19 kişi və 15 qadın).

ŞD-li xəstələrin protezlənməyə tələbatını müəyyən etmək üçün tərəfimizdən xüsusi sorğu anketi tərtib olunmuşdur. Bu anketdə pasientin şikayətləri, ilk dəfə neçə yaşında protezlənməsi, protezdən istifadənin müddəti, ilkin ya təkrari protezləndiyi, protezin növü, hazırlandığı material, protezin hal-hazırki vəziyyəti qeyd olunurdu.

Sorğu anketinin nəticələrinə əsasən müəyyən olundu ki,  əsas qrupu təşkil edən pasientlərin 23%-i protezlərinin estetik görünüşündən (əsasən qadınlar), 17%-i protezə olan funksional tələblərin ödənilməməsindən, 12%-i isə protezlərin təmizlənməsinin çətinlik törətməsindən (çıxan protezlərə aiddir) şikayət edirlər. Həmçinin müəyyən olundu ki, pasientlərin 67,84%-də protezlənməyə ehtiyac var (çıxan protezə ehtiyac üstünlük təşkil edir). Xəstələrin 31,18%-də protezlərin vəziyyəti qənaətbəxş, 23%-də qeyri – qənaətbəxş, 44,84%-i isə heç protezlənməmişdir. Əsas qrupu təşkil edən protezlənmiş pasientlərin 24%-i 40 yaşa qədər olan dövr ərzində (əsasən çıxmayan protezləmə) ,qalanları isə 40 yaşından sonrakı dövrdə protezlənmişdir (çıxan protezləmə üstünlük təşkil etmişdir). Sorğuda iştirak etmiş pasientlərin əksəriyyətində protezlərdən istifadə müddəti normadan çox olmuşdur və hətta 25 ilə qədər müddəti əhatə etmişdir. Pasientlərdə protezlərin hazırlanmasında istifadə olunan materiallar: çıxan protezləmədə əsasən akril plastmas, çıxmayan protezləmədə isə qızıl, titan, NiTi (nikel - titan) və KXƏ (kobalt - xrom ərintisi) əsasında hazırlanmış metal, metal - keramik və metal - plastmas qapaqlar və körpülər, 8 nəfər pasientdə titan implantlar üzərində sirkon oksidi əsasında hazırlanmış metal – keramil qapaqlar olmuşdur. Həmçinin şəkərli dibetli xəstələrdən 13 nəfərdə diş sıralarının ikincili deformasiyası aşkar olunmuşdur. Müqayisə qrupunda isə əsasən çıxmayan protezləməyə ehtiyac üstünlük təşkil edirdi (77,27%). Protezləməyə ehtiyacı olmayanlar 43,73% , protezinin vəziyyəti qənaətbəxş olanlar 65,44%, protezinin yenilənməsinə ehtiyacı olanlar isə 35,56% təşkil edirdi.

Protezlənməyə hazırlıq mərhələsində tərəfimizdən müxtəlif lokalizasiya və dərinlikli karies diaqnozu ilə 46 nəfərdə 62 diş, pulpitlə 14 nəfərdə 18 diş, xroniki periodontitlə 7 nəfərdə 9 diş müalicə olunmuşdur. Həmçinin 26 keyfiyyətsiz plomb yenilənmiş, 6 nəfərdə 13 diş oklüzion səthi bərpa olunmaqla restavrasiya olunmuşdur. Müqayisə qrupunda isə karies və onun ağırlaşmaları ilə 17  xəstəyə yardım göstərilmişdir.

Çıxmayan protezləmədə istifadə olunan materialların ağız boşluğu orqanlarına təsirini öyrənmək üçün şəkərli diabetli xəstələrdə Şiller-Pisarev sınağı və diş əti mayesinin miqdarının hesablanması prosedurları yerinə yetirilmişdir. Diş əti kənarında iltiablaşma qeyd olunan halda selikli qişanın iltihablaşma dərəcəsini müəyyən etmək üçün isə PMA (papilla marginal alveolyar) indeksindən istifadə olunmuşdur. Bundan əlavə dayaq dişlərin vəziyyəti kliniki testlərlə yoxlanmış və çənə sümüklərinin analizi üçün panoram rentgen şəkli çəkilmişdir.

Nəticə.

Apardığımız müşahidələrə əsasən belə nəticəyə gəlmək olar ki, şəkərli diabetli xəstələrdə çıxmayan protezləmədə istifadə olunan NiTİ ərintisi əsasında hazırlanmış metal - keramik və metal – plastmas qapaqlar dayaq dişlərə və parodonta daha az mənfi təsir göstərir və bu tip xəstələrin protezlənməsi üçün optimal materiallar sırasına aid oluna bilər. Həmçinin sirkon oksidi əsasında hazırlanmış qapaqlar və körpülərlə protezlənmiş pasientlərin müayinəsindən alınmış nəticələrə əsasən bu materialı bioinert material kimi qəbul edərək istifadəsini məsləhət görürük.

Şəkərli diabetli xəstələrdə sümük sistemində baş verən patoloji halları nəzərə alaraq çıxan protezləmədə konstruksiya seçimi zamanı mümkün qədər çeynəmə yükünün dayaq dişlərə ötürməyə imkan verən konstruksiya növlərinə üstünlük vermək daha məqsədə uyğun olardı. Həmçinin bu tip pasientlərdə ağız boşluğu imunitetinin aşağı düşməsini nəzərə alaraq daha gigiyenik protez  konstruksiya və materiallarından istifadə olunması məsləhət görülür.

 

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1.Badalov P.M., Qaraev Z.İ. Аdaptaüiə bolğnıx saxarnım diabetom k scemnım konstruküiəm zubnıx protezov iz akrilovıx plastmass // Stomatoloqiə novoqo tısəçeletiə: Sb. tezisov. M.: Аviaizdat, 2000.S. 90-91.
2.Volojin А.İ. Patoqenetiçeskie mexanizmı porajeniə parodonta pri saxarnom diabete // Stomatoloqiə novoqo tısəçeletiə: Sb. tezisov. - M.: Аviaizdat, 2002. -S. 130-131.
3.Qrudənov А.İ., Eroxin А.İ. // Xirurqiçeskie metodı leçeniə zabolevaniy parodonta// İzdatelğstvo: Mediüinskoe informaüionnoe aqentstvo,2006q.128 str.
4.Zviqinüev M.А. Stomatoloqiçeskaə reabilitaüiə bolğnıx saxarnım diabetom. avtoreferat Dok. Med. Nauk. Omsk, 1998. str 1-43.
5.İbraqimov T.N. Stomatoloqiçeskaə reabilitaüiə bolğnıx pri naruşeniəx metabolizma i reqionarnoqo krovotoka, obuslovlennıx somatiçeskimi zabolevaniəmi: Аvtoref. dis.... d-ra med. nauk. - M., 2001. - 47 s.
6.Timofeeva-Kolğüova T.P. Osobennosti stomatoloqiçeskoqo ortopediçeskoqo leçeniə bolğnıx saxarnım diabetom: Аvtoref. dis. ... kand. med. nauk.-M., 1995.-23 s.
7.Furüev T. V. Osobennosti vıbora optimalğnıx stomatoloqiçeskix materialov, implantaüionnıx sistem i ortopediçeskix konstruküiy dlə reabilitaüii bolğnıx saxarnım diabetom : Аvtoref. dis. ... dok. med. nauk. Kazanğ 2009q. 40str.


Müəlliflər:
O.S. Seyidbəyov
R.A. Kərimov

Digər jurnal və qəzetlər