ARTERİAL HİPERTONİYALI XƏSTƏLƏRDƏ BÖYRƏK ZƏDƏLƏNMƏSİNİN AŞKAR EDİLMƏSİNDƏ MİKROALBUMİNURİYANIN ROLU

08-04-2009

Arterial hipertoniya (AH) ürək-damar sistemi xəstəlikləri arasında ən geniş yayılmış nozoloji vahid olmaqla ümumi popuyasiyanın 20-40%-də təsadüf olunur [2]. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə orta inkişaf etmiş ölkələrdə hipertoniya xəstəliyindən baş verən ölüm səbəbləri başqa səbəblər arasında 8-ci yeri tutur və 2.5% təşkil edir [4].

Klinik farmakologiya sahəsində son illərdə əldə olunmuş nailiyyətlər sayəsində yeni təsirə malik effektiv antihipertenziv preparatların yaradılmasına baxmayaraq, arterial hipertoniyanın müalicəsi hələ də qənaətbəxş nəticələr vermir. Belə ki, aparılmış tədqiqatlar göstərir ki, ABŞ-da arterial təzyiqin (AT) müalicəsi nəticəsində hədəf səviyyəsini yalnız 34% xəstələrdə əldə etmək mümkün olur [4].

AT hədəf səviyyəsi dedikdə bu göstərinin 140/90 mm c. sut.-dan aşağı olması nəzərdə tutulur. Lakin başqa risk amillərinin mövcudluğu AT-nin daha aşağı səviyyəyə qədər endirilməsini tələb edir. Məs. şəkərli diabet (ŞD)  olan xəstələrdə AT hədəf səviyyəsi 130/80 mm c. sut.,  böyrək zədələnməsi olanlarda isə 120/75 mm c. sut.-dan aşağı olması tövsiyə olunur [1].

Çoxsaylı tədqiqatların nəticələrinə əsasən, AH və ŞD olan xəstələrdə hətta adekvat müalicə fonunda belə gizli böyrək disfunksiyası inkişaf edir və belə xəstələr daha çox miokard infarktı, beyin qan dövranının pozulması və s. kimi ürək-damar ağırlaşmalarına meyilli olurlar [9]. Bu halın vaxtında aşkar olunması, ağırlaşmaların meydana gəlməsi və inkişaf etməsinin qarşısının alınmasının böyük praktiki əhəmiyyəti vardır.

Böyrək disfunksiyasını ilkin mərhələdə aşkar etməyə imkan verən göstəricilərdən biri mikroalbuminuriya (MAU) – sidiklə gün ərzində 30-300 mq (və ya 20-200 µq/ml) miqdarında albuminin ekskresiyasıdır.

Son zamanlar MAU-nun yayılmış endotelial disfunksiyanın təzhürü olması ehtimal edilir və bu göstəricinin ümumi populyasiyada, arterial hipertoniya, şəkərli diabet olan xəstlərdə ürək-damar ağırlaşmalarının inkişafı və ölüm hallarının artması riskinin əhəmiyyətli göstəricisi kimi qiymətləndirilir. Hesab olunur ki, MAU hətta arterial hipertoniya və ŞD olmayan xəstələrdə belə, böyrək damarlarının, xüsusən böyrək yumaqcıqları kapilyarları divarının disfunksiyası nəticəsində onların keçiriciliyinin artmasının təzahürüdür. 

Beləliklə də müasir müayinə üsullarının köməyilə sidikdə albuminin miqdarının təyini sadə və kifayət qədər  etibarlı üsul olub terapevtik təcrübədə xəstələrin hazırki vəziyyətinin, xəstəliyin proqnozunun və aparılmış medikamentoz müalicənin effektivliyinin qiymətləndirilməsi üçün tövsiyə olunur. MAU-nın ürək-damar ağırlaşmalarının əmələ gəlməsində proqnostik əhəmiyyətini təsdiq edən elmi araşdirmalar isə bir daha bu göstəricinin həm kardioloqlar, həm də nefroloqlar üçün əhəmiyyətli meyar olduğunu nümayiş etdirir. Məşhur alman klinisisti professor E.Ritzin qeyd etdiyi kimi “artıq kardioloqlar daha çox böyrək  və nefroloqlar daha çox ürək haqqında düşünməyə məcburdurlar” [8].    

Tədqiqatın məqsədi essensial hipertenziyalı xəstələrdə gizli böyrək disfunksiyasını aşkar etmək məqsədilə mikroalbuminuriyanın qiymətləndirilməsi və bu göstəricinin xəstəliyin dərəcəsindən və ŞD –in olub olmamasından asılı olaraq dəyişməsini öyrənmək olmuşdur.

Tədqiqatın material və metodları. Tədqiqata müxtəlif dərəcəli arterial hipertenziyası olan 45-62 yaşlarında 48 nəfər xəstə (25 nəfər qadın, 23 nəfəri kişi) daxil edilmişdir. Xəstələrin tədqiqata qatılmalarının başlıca şərti müraciətə qədər adekvat antihipertenziv müalicə almamaları, onlarda simptomatik arterial hipertenziyanın, proteinuriyanın olmaması idi.

Anamnestik məlumat toplandıqdan və fizikal müayinədən sonra, xəstələrə gün ərzində AT monitorlanması (AT təkrari ölçülməsi vasitəsilə), EKQ, EXO KQ müayinələri aparılmış,  acqarına qan plazmasında qlükozanın, kreatininin, ümumi xolesterinin (XS), aşağı sıxlıqlı lipoproteid-XS, yuxarı sıxlıqlı lipoproteid-XS və triqliseridlərin səviyyəsi təyin olunmuşdur. 

 Sonra bütün xəstələrin dərhal yuxudan oyandıqdan sonra yığılmış səhər sidiyində Micral-Test (Accu-Chek, Roche) - həll olan insan albumininə qarşı monoklonal anticism-qizil-birləşməsi - vasitəsilə albuminin konsentrasiyası öyrənilmişdir.  2 və ya 3 dəfə səhər sidiyi ilə aparılmiş sınağın nəticələrinə əsasən albuminuriya 20 mkq/ml-dən artıq olduqda, skrinninqin nəticəsi müsbət qiymətləndirilmişdir. Sonra xəstələrdə laboratoriya şəraitində gündəlik sidikdə mikroalbuminuriya-nın kəmiyyət qiymətləndirilməsi aparılmışdır.

Alınmış nəticələrin statistik işlənilməsi qeyri-parametrik üsullarla: qruplarda kəmiyyət göstəricilərinin müqayisəsi Mann-Uitni meyarı, keyfiyyət göstəricilərinin müqayisəsi Pirsonun χ² meyarı vasitəsilə aparılmışdır.

Tədqiqatın nəticələri və onların müzakirəsi.  Klinik-anamnestik müayinələrin  nəticələrinə, ÜST və Beynəlxalq hipertenziya cəmiyyətinin 1999-cu ildə təklif etdiyi təsnifata əsasən xəstələr 3 qrupa, və hər qrup daxilində ŞD 2 tip olmaqla daha 2 yarımqrupa bölünmüşdür (cədvəl  1).

Cədvəl 1

Xəstələrin AH dərəcələrinə və ŞD olmasına əsasən qruplara bölünməsi

Qruplar

AH dərəcəsi

Yarımqruplar

n

 qrup

 

I

n = 18

HX

10

HX+ŞD

8

Iİ qrup

 

II

n = 17

HX

11

HX+ŞD

6

III qrup

 

III

n = 13

HX

7

HX+ŞD

6

      Qeyd:  ŞD olması əlamətinə görə qruplar arasında fərq yoxdur (p>0,05)

Cədvəldən göründüyü kimi, qruplar ŞD-li xəstələrin sayına görə bir-birindən statistik dürüst fərqlənməmişdir(χ 2 = 0,189; p>0,05).

Aparılmış tədqiqatin nəticələri cədvəl 2–də təqdim olunmuşdur. Cədvəldən göründüyü kimi, I dərəcəli AH olan xəstələrdə mikroalbuminuriyanın səviyyəsi  74,97±8,5 mq/gün, II dərəcəli AH olan xəstələrdə həmin göstərici 135,9±16,1 mq/gün, III dərəcəli AH olan  xəstələrdə isə 235,5±30,8 mq/gün təşkil etmişdir. I və II, II və III, I və III qruplarda MAU göstəricilərini fərqləndirərkən, qruplar arasında statistik dürüst fərq aşkar olunmuşdur (p <0,001). Deməli AH səviyyəsi artdıqca xəstələrdə MAU səviyyəsinin də artması müşahidə olunur, bunun isə yumaqcıqdaxili hipertenziya və hiperperfuziya səbəbindən yumaqcıq kapillyarları divarının struktur və funksional vəziyyətinin dəyişməsi nəticəsində baş verməsi güman olunur [5].

Cədvəl 2

Arterial hipertoniyalı xəstələrdə mikroalbuminuriyanın səviyyəsi

Qruplar

MAU səviyyəsi (mq/gün)

Yarımqruplar

MAU səviyyəsi (mq/gün)

p

I

n=18

74,97±8,5*(**)

AH

 59,7±13,9

<0,001

AH + ŞD

 94,1±8,9

II

n=17

135,9±16,1 * (***)

AH

 125,9±7,6 

<0,001

AH + ŞD

 154,2±9,8

III

n=13

    235,5±30,8**(***)

AH

218,5±31,5 

<0,05

AH + ŞD

255,3±14,9 

Qeyd: * ,**,***  - p<0,001

Mikroalbuminuruyanın səbəbinin daha dərin araşdirilması məqsədilə qruplar daxilindəki yarımqruplarda MAU səviyyəsi qiymətləndirilmişdir. I qrupda  AH  olan xəstələrdə MAU səviyyəsi 59,7±13,9 mq/gün, AH+ŞD yarımqrupunda 94,1±8,9 mq/gün təşkil etmişdir. Yarımqruplar arasında fərq statistik dürüst olmuşdur (p<0,001). II qrup daxilində AH+ŞD yarımqrupunda AH yarımqrupuna nisbətən MAU-nın yüksək səviyyəsi aşkar olunmuşdur (154,2±9,8 mq/gün və müvafiq olaraq, 125,9±7,6 mq/gün ; p<0,001). Analoji vəziyyət III qrupda da müşahidə edilmişdir: AH+ŞD yarımqrupunda alınmış nəticələr AH yarımqrupunda aşkar olunmuş MAU səviyyəsindən yüksək olmuşdur (255,3±14,9 və müvafiq olaraq 218,5±31,5; p<0,05). Aldığımız nəticələr ədəbiyyatda olan məlumatlarla üst-üstə düşərək, AH və ŞD-in müştərək təsirindən böyrək disfunksiyasının daha nəzərəçarpacaq dərəcədə inkişaf etməsini sübut edir [10].

Beləliklə, apardığımız tədqiqatının nəticələrinə əsasən, AH-nın dərəcəsi yüksəldikcə MAU-nın səviyyəsinin də artması müəyyən olunmuşdur. AH və ŞD olan xəstələrdə proteinuriya olmadıqda belə, MAU aşkar edilmişdir. Bu işə artıq xəstələrdə diabetik nefropatiyanın III mərhələsinin olması deməkdir. AH ilə ŞD müştərək təsadüf olunan xəstələrdə mikroalbuminuriyanın baş verməsinin əsasında böyrəklərin hipertrofiyası, yumaqcıq kapilyarlarının hiperperfuziyası və yumaqcıqlarda hiperfiltrasiya durur [3, 6]. Alınmış nəticələr MAU-nın arterial hipertenziya və şəkərli diabet zamanı böyrəklərin zədələnməsinin aşkar olunmasında etibarlı prediktor oduğunu sübut edərək böyrəklərdə baş verən pozğunluqları erkən fazada, rasional müalicə apardıqda aradan qaldırıla bılən mərhələdə, aşkar etməyə yardım edir və bu xəstələrdə ürək-damar ağırlaşmalarının qarşısının alınmasına imkan yaradır.

 

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1.Arterial hipertenziyanın müalicəsi üzrə klinik protokol, Bakı, 2009, 64 sə
2.Əzizov V. Daxili xəstəliklər, I cild, Kardiologiya, BakıGiso industry”, 2007, 320 səh.
3.
Mухин Н.А., М.В.Шестакова  - Диабетическая нефрология Нефрология. Москва, «Медицина», глава 23, стр 448-453
4.Свищенко E.П., Коваленко В.Н.. Артериальная гипертензия, Киев «Морион», 2001, 528 стр.
5.Тареева И.Е., Полянцева Л.Р.– Протеинурия и нефротический синдром. Нефрология. Москва, «Медицина», глава 7, стр 145-163.
6.United Kingdom Prospective Diabetes Study group. Tight blood pressure control and risk of macrovascular and microvascular complications in type 2 diabetes: UKPDS38, BMJ, 1998: 317, p.703–713.


Müəlliflər:
M. M. Ağayev
R.İ. Qabulov

Digər jurnal və qəzetlər