PARODONTOPATİYALARDA ORQANİZMLƏ MİKROORQANİZMLƏRİN QARŞLIQLI TƏSİRİNİN MİKROBİOLOJİ ASPEKTLƏRİ

20-05-2020

Ключевые слова: пародонт, микрофлора, взаимообусловленность

Key words: periodontium, microflora, interdependence

Açar sözlər: parodont, mikroflora, qarşılıglı əlaqə

Fakultativ qram-mənfi anaerob bakteriyalar periodont xəstəliklərində əsas üstünlük təşkil edən mikroorqanizmlər olur. Periodontda xəstəlik prosesində üstünlük təşkil edən bakteriya növlərinə Porphyromonas gingivalis, Actinobacillus actinomycetemcomitans, Treponema denticola, Bacteroides forsythus, Fusobacterium nucleatum, Prevotella intermedia, Campylobacter rectus, Peptostreptococcus micros və Eikenella corrodens aiddirlər [1]. Orqanizmlə mikroorqanizmlərin qarşılıqlı əlaqəsinə dair tədqiqatlara orqanizmin mikroorqanizmlərə qarşı reaksiyasının və həmin mikroorqanizmlərin eksperimental heyvanlarda xəstəlik törətmə qabiliyyətinin öyrənilməsi aiddir. Mikroorqanizmin xəstəlik törətmək qabiliyyətini müəyyən edən xüsusiyyətlərə virulentlik amilləri deyilir. Hal –hazırda bir çox tədqiqatlar periodontun (parodontun) patogen mikroorqanizmlərinin virulentlik amillərinin təyin edilməsi istiqamətində aparılır. Hər hansı bir bakteriya patogen xarakter daşıması üçün o uyğun, yəni, xəstəlik törətdiyi toxuma sahəsində koloniyalaşa bilməli və orqanizmin həmin toxumalarında destruksiya törətməlidir. Periodontitlər zamanı xəstəlik prosesinin yaranması üçün ilk olaraq, patogen bakteriya növlərinin periodont toxumalarında koloniyalaşması baş verir. Bakteriyaların özlərinin və onların məhsullarının periodont toxumalarına daxil olması xəstəlik prosesində vacib hesab oluna bilər. Bununla belə, orqanizmin bakteriyaları periodont toxumalarından uzaqlaşdırmağa xidmət edən müdafiə sistemlərinin təsirindən kənarda qalmaq üçün  bakteriyaların periodont toxumalarında koloniyalaşma qabiliyyəti vacibdir [2]. Periodont toxumalarının destruksiyası bakteriyalar və onların məhsulları ilə orqanizmin hüceyrələri ilə qarşılıqlı təsiri nəticəsində inkişaf edir və birbaşa yaxud dolayı yolla periodont toxumalarının deqradasiyasına gətirib çıxarır. Beləliklə, bakteriyaların virulentlik xüsusiyyətləri 2 geniş qrupa bölünür: 1) bakteriyaların orqanizmin yerli toxumalarında koloniyalaşmasına və yerli toxumalara daxil olmasına şərait yaradan bakterial amillər; 2) bakteriyaların yerli toxumaları birbaşa və dolayı yolla zədələnmələrinə səbəb olan bakterial amillər.

Diş əti şırımı və periodont cibinin dibindən bayıra doğru “axan” diş əti şırımı mayesi ilə daima yuyulur. Buna görə də, bu toxuma sahələrində koloniyalaşan bakteriya növləri əlverişli mühitlərə yapışmalıdırlar ki, diş əti cibi mayesi onları yuyub-aparmasın. Bunu nəzərə alaraq, qeyd etmək lazımdır ki, bakteriyaların səthlərə adheziyası virulentlik amillərindən hesab olunur və periodont patogenlərinin fəaliyyəti üçün lazımdır [3]. Bakteriyaların yapışdığı səthlərə dişin tacı və kökünün səthləri, toxumaların üzəri və toplanmış ərp kütləsi aiddir. Bu səthlərlə periodont bakteriyaları arasında çoxsaylı qarşılıqlı əlaqələlər müəyyən edilmişdir, bəzi hallarda isə hətta bu əlaqələrə vasitəçilik edən molekullar da aşkar edilmişdir. Bakteriyalar periodont mühitinə ilk olaraq, pellikula və ağız suyu ilə örtülmüş diş səthlərinə yapışaraq, koloniyalaşır. Bu hala misal kimi, Actinomyces viscosus növünün adheziyasını göstərmək olar, belə ki, bu bakteriyalar öz səthlərindəki fimbrillər vasitəsilə diş səthini örtmüş və ağız suyunun tərkibindən gələn prolinlə zəngin zülallarla birləşir. Bakteriyaların toxumaların səthindəki ərpə yapışması müxtəlif bakteriya növləri arasındakı adheziya prosesinin öyrənilməsi ilə tədqiq olunur. Müxtəlif bakteriya növləri arasındakı adheziya prosesi koaqreqasiya adlanır. Daha yaxşı xarakterizə olunmuş belə qarşılıqlı əlaqələrə A.viscosus növünün səthinin fimbrilləri vasitəsilə Streptococcus sanguis növünün səthindəki polisaxarid reseptorlarına adheziyanı misal göstərmək olar. Qarşılıqlı əlaqənin bu forması mikroorqanizmlərin periodont mühitində koloniyalaşmasında ən vacib hesab olunur. Əlavə olaraq, bakteriyaların orqanizmin toxumalarına adheziyası (yapışması) bakteriyaların periodont toxumalarında koloniyalaşmasında müəyyən rol oynayır və bakteriyaların toxumalara daxil olması prosesində həlledici mərhələ hesab olunur. Beləliklə, P.gingivalis bakteriyasının digər bakteriyalara epitel hüceyrələrinə, birləşdirici toxumanın fibrinogen və fibronektin kimi komponentlərə birləşmə qabiliyyəti bu mikroorqanizmin virulentliyində vacib rola malikdir [4].

Artıq uzun illərdir ki, histoloji tədqiqatlar vasitəsilə xoralı-nekrotik gingivitlər zamanı xəstənin periodont toxumalarının içərisində bakteriyaların olması sübut olunmuşdur. Bir sıra digər tədqiqatlar gingivitlər, kəskinləşmiş xroniki periodontitlər və yuvenil periodontitlər zamanı periodont toxumalarına daxil olmuş şəkildə bakteriyaların olmasını göstərmişdir. Kokşəkilli, çöpşəkilli, sapabənzər bakteriyalar və spiroxetlər kimi qram-müsbət və qram-mənfi bakteriyaların diş ətinin birləşdirici toxuması daxilində və alveoli sümüyünə yaxın yerləşməsi də müşahidə olunmuşdur. Bakteriyalar periodont toxumaları daxilində diş əti şırımı yaxud periodont cibinin epitel səthinin xoralarından daxil olur və adətən diş əti toxumalarının hüceyrələrarası sahələrində müşahidə olunur. Mikroorqanizmlərin toxumalara nüfuz etməsinin digər yolu isə onların birbaşa periodontun epitel və birləşdirici toxuma hüceyrələrinin daxilinə keçmələridir. Laborator tədqiqatlar A. actinomycetemcomitans, P.gingivalis, P.nucleatum və Treponema denticola kimi mikroorqanizmlərin birbaşa periodont toxumalarının hüceyrələrinin daxilinə keçmək qabiliyyətlərinin də olduğunu nümayiş etdirmişdir. Bakteriyaların periodont toxumalarının daxilinə nüfuz etməsinin kliniki əhəmiyyəti tam aydın deyil. Periodont toxumalarına daxil olmaq qabiliyyətinə malik mikroorqanizmlərin xəstəlik prosesi zamanı periodontda daha çox rast gəlinməsi müşahidə olunur. Bundan başqa, mikroorqanizmlərin toxumalara daxil olma qabiliyyəti patogen qram-mənfi mikroorqanizmlərin qeyri-patogen qram-mənfi mikroorqanizmlərdən fərqləndirici əsas xüsusiyyəti hesab olunur. Şübhəsiz ki, bakteriyaların toxumaların daxilində yerləşməsi onlara öz toksin molekulları və fermentlərini periodontun toxuma hüceyrələrinə daha yaxşı yaymağa şərait yaradır. Bu səbəbdən də mikroorqanizmlərin periodont toxumalarının daxilinə keçmə və nüfuz etmə qabiliyyəti virulentlik amillərindən hesab olunur. Bəzi tədqiqatçılar, periodont xəstəlikləri zamanı xəstəliyin “alovlanma” dövrlərinin məhz bakteriyaların periodont toxumalarına daxil olmaları ilə əlaqələndirir. Bundan başqa, periodont toxumalarının daxilinə keçmiş mikroorqanizmlərin müalicəyə davamlı olmasının əsas səbəbi onların toxumalardan rezervuar kimi istifadə edərək, yenidən diş əti ciblərində koloniyalaşa bilir. Bu fikrə əsaslanaraq, qeyd etmək lazımdır ki, lokal aqressiv periodontitlər zamanı yalnız toxumaların mexaniki tənzimlənməsi ilə kifayətlənmək lazım deyil, bu zaman A. actinomycetemcomitans kimi toxumalara daxil olan mikroorqanizmləri azaltmaq üçün cərrahi müalicə üsulu ilə birlikdə ümumi orqanizmə təsir göstərən antibiotiklər də tətbiq olunmalıdır [5].

Periodont mühitində sağ qalmaq üçün bakteriyalar orqanizmin bakteriyaları təmizləyən və məhv edən müdafiə sistemlərini ya neytrallaşdırmalı, ya da onların yaratdığı “səddi” aşmalıdır. Bakteriyaların səthlərə adheziya və toxumaların daxilinə keçmə qabiliyyətləri də məhz onların qorunmalarına və həyatda qalmalarına şərait yaradır. Bakteriyaların adheziya qabiliyyəti onların orqanizmin sekressiya etdiyi mayelərin təsiri ilə yerdəyişmələri və kənarlaşdırılmalarının qarşısını alır. Bakteriyaların periodont toxumalarına nüfuz etmə və daxil olma qabiliyyəti isə onların orqanizmin hüceyrələri tərəfindən yaradılmış təbii baryerləri keçmələrinə şərait yaradır. Qeyd etmək lazımdır ki, immunoqlobulinlər bakteriya hüceyrələrinin səthinə yapışmaqla və bakterial adhezinlərin əlaqəyə girmə qabiliyyətini məhdudlaşdırmaqla bakteriyaların adheziyasını blokada edə və opsonizasiya hadisəsi vasitəsilə isə bakteriyaların faqositoza uğramaları üçün şərait yarada bilər. Müəyyən bakteriyalar tərəfindən immunoqlobulinləri deqradasiyaya uğradan proteaza fermentlərinin sintez olunması isə yuxarıda qeyd olunan müdafiə reaksiyalarını ləngidə, yaxud ləğv edə bilər. Bundan başqa, bakteriyalar orqanizmin mühafizə olunmasında mühüm olan polimorfnüvəli leykositlər və limfositləri zəiflədən yaxud onları məhv edən maddələri də ifraz edirlər. Buna misal kimi, A. actinomycetemcomitans tərəfindən ifraz olunan əsas 2 toksin, leykotoksin və “sitoletal” genəldici toksinin bu mikroorqanizmin aqressiv periodontit və xroniki periodontit kimi xəstəliklərdə  virulentliyini təmin etməsini göstərmək olar. Bundan əlavə, B.forsythus və F. nucleatum bakteriyaların limfositlərdə hüceyrələrin özlərini məhv etmə sistemi olan apoptoz prosesini sürətləndirə bilir. Periodont patogenlərinin əksəriyyəti interleykin -8-in (IL-8) əmələ gəlməsini stimulə edir. İnterleykin-8 iltihabaqədərki, xemokin olub, neytrofillərin lokal sahəyə toplanması üçün siqnallar verir. P.gingivalis isə epitel hüceyrələri vasitəsilə IL-8-in əmələ gəlməsini inhibə edə bilir. Bu mikroorqanizmi neytrofillərin məhvedici təsirindən yayındırır. Bu proseslər barədə ətraflı məlumat kitabın uyğun bölməsində verilmişdir [6].                 

Bakteriyaların virulentlik amillərinə dair tədqiqatlar əsasən, bakteriyaların periodont toxumalarını zədələmə xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. Bakteriyaların bu xüsusiyyətlərini 2 böyük qrupa bölmək olar: 1) Bakteriyaların birbaşa periodont toxumalarını destruksiyaya uğradan xüsusiyyətləri və 2) bakteriyaların yerli toxuma hüceyrələrindən periodont toxumalarını destruksiyasına səbəb ola bilən bioloji mediatorların ifrazına gətirib çıxara bilən xüsusiyyətləri.

       Bakteriyaların bəzi məhsulları orqanizmin toxuma hüceyrələrinin bölünməsini inhibə edir və onların metabolizmini dəyişikliyə uğradır. Bu  məhsullara bakteriyaların metabolizmi nəticəsində yaranan ammonium birləşmələri, qazşəkilli kükürd birləşmələri, yağ turşuları, peptidlər və indol aiddirlər. Periodont toxumalarını destruksiyaya uğradan əsas bakteriya məhsullarına isə bakteriyaların ifraz etdiyi bəzi fermentlər aiddir. Bu fermentlər, əslində bütün periodont toxumaları və hüceyrələrarası matriks molekullarını deqradasiya etmək qabiliyyətinə malikdir. Daha çox proteolitik fermentlərin P.gingivalis tərəfindən ifraz edildiyi müəyyən edilmişdir ki, onlardan biri olan tripsinəbənzər fermentin təsiri ilə kollagenlər, fibronektin və immunoqlobulinlər deqradasiyaya uğrayırlar. Bakteriyaların ifraz etdiyi fermentlər toxumaların destruksiyasına səbəb olmaqla bərabər bakteriyaların periodont toxumalarının daxilinə də nüfuz etmələrinə şərait yaradırlar. Bununla belə, bakteriya mənşəli fermentlərin xəstəlik prosesindəki dəqiq rolu müəyyənləşdirilmə-mişdir, çünki eyni fermentlər periodont mühitində orqanizmin özünün toxuma hücüyrələrindən də ayrıla bilir. Onu da qeyd edək ki, bakteriyaların periodont toxumalarını zədələyən dolayı yollardan biridə elastaza və matriks metalloproteinaza kimi toxuma proteinazalarının yaranmasını artırmaqdadır [7].

       Orqanizmin immun sistemi hüceyrələr və tənzimedici molekulların qarşılıqlı əlaqəsinin mürəkkəb şəbəkəsindən ibarətdir. Bakteriyaların əmələ gətirdikləri məhsullar bu sistemi həyəcana salaraq, toxuma destruksiyasına yol aça bilər. Yaxşı aydınlaşdırılmış qarşılıqlı əlaqələrdən biri də, bakteriyalardan ifraz olunan lipoposaxarid tərkibli endotoksinin təsirilə monositlər,makrofaqlar, polimorfnüvəli leykositlər tərəfindən interleykin-1-in (IL-1), şiş nekroz amili və prostaqlandinlərin ifraz edilməsidir. Orqanizmin özünəməxsus olan bu immun hüceyrələrdən ayrılan qeyd olunan mediatorların sümüyün rezorbsiyasını gücləndirən, orqanizmin digər immun hüceyrələrini isə ya aktivləşdirən yaxud da inhibə edən qabiliyyətləri vardır [6, 7]. 

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Kolenbrander PE: Surface recognition among oral bacteria: multigeneric coaggregations and their mediators. Crit Rev Microbiol 2014; 17:137.
2.Andersen RN: Inhibition of coaggregation between Fusobacterium nucleatum and Porphyromonas (Bacteroides) gingivalis by lactose and related sugars. Infect. Immun 2017; 57:3204.
3.London J: Adhere today, here tomorrow: oral bacterial adherence. J Bacteriol 2013; 175:3247.
4.Parrish KP, Andersen RN, et al: Intergeneric coaggregation of oral Treponema spp. with Fusobacterium spp. and intrageneric coaggregation among Fusobacteriium spp. Infect Immun 2009; 63:4584.
5.Kononen E, Eerola E, Frandsen EV, et al: Phylogenetic characterization and proposal of a new pigmented species to the genus Prevotella: Prevotella pallens sp. nov. Int J Syst Bacteriol 2011; 48:47.
6.Robertson PB: Clinical and microbiological evaluation of therapy for juvenile periodontitis. J Periodontol 2015; 56:443.
7.Loos BG, van der Velden U, et al; Peptostreptococcus micros smooth and rough genotypes in periodontitis and gingivitis, J Periodontol 2015; 71:209.


Müəlliflər:
F.Ə. Şixəliyeva
C.R. Əhmədbəyli

Digər jurnal və qəzetlər