İbrahimov Elman İbrahim oğlu 90 il

12-02-2020

Müstəqillik əldə etdikdən sonra dövlətimiz tərəfindən xalq təsərrüfatının müxtəlif sahələrində çalışmış və gənc nəslin tərbiyəsində əhəmiyyət kəsb edən şəxsiyyətlərin yubileyləri təntənə ilə qeyd olunur. Belə şəxsiyyətlərdən biri də Azərbaycan Onkologiya elminin inkişafında özünəməxsus xidmətləri ilə seçilən görkəmli alim, istedadlı klinisist, tibb elmləri doktoru, professor Elman İbrahim oğlu İbrahimovdur.

E.İ. İbrahimov 4 aprel 1930-cu ildə Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur. 1947-ci ildə 4 saylı şəhər orta məktəbini qızıl medalla bitirən E.İ. İbrahimov, II Dünya Müharibəsindən sonra ölkədə xalq təsərrüfatının müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycan hökümətinin qərarı ilə müsabiqədən kənar qəbul şərti ilə SSRİ-nin böyük elm və təhsil mərkəzlərinə göndərilən gənclər sırasında, akademik İ.P. Pavlov adına Leninqrad Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək daxil olmuşdur.

Həmin İnstitutu 1953-cü ildə fərqlənmə diplomu ilə bitirən Elman İbrahim oğlu İbrahimov Leninqrad Pediatriya Tibb İnstitutuna cərrahiyyə ixtisası üzrə klinik ordinaturaya daxil olmuş, ordinaturanı başa vurduqdan sonra qəbul imtahanlarını müvəffəqiyyətlə verərək 1956-cı ildə SSRİ Tibb Elmlər Akademiyasının N.N. Petrov adına Leninqrad Onkologiya İnstitutuna “onkologiya” ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur.

Aspiranturada təhsil dövründə Sovet Onkologiya elminini inkişafında xüsusi rolu olan, akademik Nikolay Nikolayeviç Petrovun silahdaşı kimi ad-san qazanmış, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü Semyon Abramoviç Xoldinin (1896-1975) rəhbərlik etdiyi şöbədə klniki onkologiyanın sirlərinə yiyələnməklə yanaşı professor Leonid Yulyeviç Dimarskinin (1924-1984) rəhbərliyi altında elmi-tədqiqat fəaliyyətini də davam etdirmişdir.

Aspiranturada təhsil аldığı dövrdə E.İ. İbrahimov süd vəzisi xərçənginin bir sıra klinik formalarında residivvermənin proqnozunu öyrənmiş və keçmiş Sovet İttifaqında ilk dəfə elektrocərrahiyyə üsulunun klinikaya tətbiqini aparmaq şərtilə “Süd vəzisi xərçəngində residivlərin elektrocərrahiyyə müalicəsi” mövzusunda elmi tədqiqat işini başa çatdırmış və 27 mart 1963-cü ildə SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Radiologiya Elmi Tədqiqat İnstitutunun Elmi Şurasında müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi adına layiq görülmşüdür.

Aspiranturada təhsilini başa vurduqdan sonra 1962-ci ilin yanvar ayında Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasına baş laborant vəzifəsinə göndərilmiş, həmin ilin iyun ayında isə müsabiqə yolu ilə Azərbaycan Rentgenologiya, Radiologiya və Onkologiya Elmi Tədqiqat İnstitutunun Cərrahiyyə şöbəsinə elmi işçi vəzifəsinə seçilmişdir. 1964-1968-ci illərdə həmin şöbədə baş elmi işçi, 1968-1977-ci illərdə isə cərrahiyyə şöəsinin elmi rəhbəri vəzifəsində çalışmışdır. O, eyni zamanda, çalışdığı Elmi Tədqiqat İnstitutunda böyük təşkilati məsələlərlə məşğul olmuş, o cümlədən, 1975-1977-ci illərdə həmin institutun elmi işlər üzrə direktor müavini olmuşdur. Uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu və Respublika Onkoloqları Elmi Cəmiyyətinin sədri vəzifələrində fəaliyyət göstərmişdir. 

Baş elmi işçi E.İ. İbrahimov 1964-1973-cü illərdə elmi tədqiqat işlərini davam etdirmiş və 1973-cü ildə SSRİ Elmlər Akademiyasının Onkologiya Elmi Mərkəzində “Bədxassəli şişli xəstələrdə qaraciyərin və böyrəküstü vəzinin funksional göstəricilərinə ağrıkəsici preparatların və cərrahi travmanın təsiri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və Ali attestasiya komissiyasının 26 oktyabr 1973-cü il tarixli (protokol №75) qərarı ilə ona tibb elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Tibb elmləri dkotoru E.İ. İbrahimov ömrünün bir hissəsini Azərbaycanda gənc həkim kadrlarının hazırlanmasına sərf etmiş və 1977-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Onkologiya kafedrasında professor vəzifəsində çalışmış, 20 aprel 1984-cü ildə (protokol №nk/9) SSRİ Nazirlər Soveti Yanında Ali attestasiya komissiyasının qərarına əsasən ona professor elmi adı verilmişdir.

Professor E.İ. İbrahimovun elmi fəaliyyəti 100-dən artıq elmi əsərdə öz əksini tapmışdır, o cümlədən 1 monoqrafiya və tədrisin təşkili üçün çoxsaylı tədris-metodik vəsaitin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 6 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur.

11 sentyabr 2003-cü ildə vəfat etmişdir.

Hal-hazırda, Gəncə şəhər küçələrindən birinə professor E.İ. İbrahimov adı verilmişdir.

E.İ. İbrahimov 50 ilə yaxın həkimlik, elmi-pedoqoji, ictimai fəaliyyəti dövründə yüksək mədəniyyəti, prinsipiallığı, tükənməz əmək qabiliyyəti, sadəliyi, təvazökarlığı və humanistlik kimi yüksək insani keyfiyyətləri ilə yadlaşlarda qalmışdır. Onun böyük və şərəfli həyat yolu gənc nəsilə nümunədir.


Müəlliflər:
Əməkdar həkim, dosent N.V. Qasımov

Digər jurnal və qəzetlər