KƏSKİN MEDİKAMENTOZ ZƏHƏRLƏNMƏLƏR ZAMANI TÜPÜRCƏK GÖSTƏRİCİLƏRİN ROLU VƏ LOKAL İMMUNİTETİN VƏZİYYƏTİ

19-05-2022

Açar sözlər: ağız boşluğu selikli qişası, kəskin medikamentoz zəhərlənmə, stimulə edilmiş autoleykositlər.

X Ü L A S Ə Məqalə kəskin medikamentoz zəhərlənmələr zamanı ağız boşluğunun lokal immunitetinin öyrənilməsinə həsr edilmişdir. Tüpürcəkdə İL-1β, İl-2, γ-İFN və DİK-n (Dövriyyədə olan İmmun Kompleksi) səviyyəsi müalicə dinamikasında tədqiq edilmişdir. Sübut olunmuşdur ki, stimulə edilmiş autoleykositlərlə yerli immunokorreksiya və yerli sorbent terapiyası ənənəvi müalicə sxemləri ilə müqayisədə daha effektivdir.

Ключевые слова: слизистая оболочка полости рта, острое медикаментозное отравление, стимулированные аутолейкоциты

Keywords: oral mucosa, acute medicamentosis poisonings, stimulated autoleukocytes.

Giriş. İnsan orqanizm müxtəlif sistemlərində hər baş vermiş ciddi dəyişikliyə rast gəlmək olar. Ağız boşluğu çox mürəkəb və axıra qədər öyrənilməmiş bir sahədir. Baş verən dəyişikliklər heç bir şübhə doğrutmadan orqanizm sistemlərində rast gəlmiş pozğunluqlara görə rast gələ bilər. Burada çoxsaylı xəstəliklər özünə yer tapır. Xəstəliklərin bu qədər çoxsaylı olması bir tərəfdən ağız boşluğuna xarici patogen amillərin birbaşa təsiri ilə bağlıdırsa, digər tərəfdən orada orqanizmin hər hansı bir nahiyyəsində, orqan və sistemlərində gedən patoloji proseslərin əks olunması ilə əlaqəlidir.

Kimyəvi aqressiv maddələrin birbaşa təsirindən, dərman vasitələrinin toksiki təsirindən, professional zərərli amillərin təsirindən ABSQ-da bəzi dəyişikliklər baş verir. Məlum olduğu kimi, dərman preparatları az toksiki olduğundan orqanizmin orqan və toxumalarında nəzərə çarpan dəyişikliklər törətmir. Lakin, dərman vasitəsinin dozası yol verilən həddən yüksək olduqda, və yaxud, ifrazat üzvlərində və sistemlərində müəyyən problemlər yaşandıqda intoksikasiya baş verir və bu da özünü müxtəlif variantlarda əks etdirir. Xroniki intoksikasiyanın inkişafında həlledici məqam yad molekullu maddənin orqanizmin müəyyən nahiyyələrində, toxumalarında (sümük, dərialtı, ABSQ-altı) depo şəklində kumulyasiya etmək xüsusiyyətindən irəli gəlir. Orqanizm üçün yad hesab edilən maddələrin nisbətən az konsentrasiyada, lakin uzun müddət ərzində təsiri də orqanizmdə xroniki intoksikasiyaya səbəb ola bilər ki, bu da ABSQ-da özünü müəyyən şəkildə əks etdirir. Dərman preparatları da bu xüsusiyyətə malikdir və hətta, terapevtik dozada, lakin uzun müddət qəbul edildikdə xroniki intiosikasiyaya səbəb ola bilər [1].

Ağız boşluğu selikli qişasında medikamentoz zəhərlənmə baş vermə zamanı  aşağıdakı xəstəliklər və simpltomlarla biruzə edilir: qırmızı yastı dəmrovun tipik forması şəklində, residivləşən aftoz stomatitin fibrinoz forması, xoralı-nekrotik stomatit, qırmızı yastı dəmrovun fəsadlaşmış variantları (ekssudativ-hiperemik, eroziv-xoralı və bullyoz formalar) və insan orqanizmin bütün sistemlərində (həzm sistemi, endokrin sistemi, ürək-qan-damar sistemi, tənəffüs sistemi) dəyişikliklər rast gəlir. Qeyd etmək lazımdır ki, bu cür xəstələrin stomatoloji statusu da qənaətbəxşdir. Stomatoloji şikayyətlərdən ən çox bunları qeyd etmək istərdim: dil ərplə örtülüdür, diş ətləri hiperemik və ödemlidir, çeynəmə zamanı yanaqların içəri tərəfləri iltihablı deyə xəstələrdə ağrı və yanğı hissiyatı olur [2,3].

Tədqiqatın material və metodları.Kəskin medikamentoz zəhərlənmələrlə olan xəstələr  Respublika Toksikoloji mərkəzinin Toksikologiya şöbəsində müalicə alırdılar. Müayinə olunmuş xəstələrdə stomatitlərin ağırlıq dərəcəsini ümumi ağırlıq indeksi (ÜAİ) ilə təyin edilmişdir [4]. Xəstələrin tüpürcəyində  İL-1β, İL-2, γ-İFN səviyyələri müalicə dinamikasında öyrənilmişdir. Tüpürcəkdə ІL-1β, ІL-2, γ-ІFN-un səviyyəsi immunoferment analizi yolu ilə təyin edilmişdir.

Müayinə edilmiş xəstələr 2 qrupa bölünmüşdür: І qrup – müqayisə qrupu (yüngül ağırlıq dərəcəli xəstələr qrupu - 20 xəstə; orta-ağır dərəcəli xəstələr qrupu – 12 xəstə). ІІ qrup - işçi qrup (yüngül ağırlıq dərəcəli xəstələr qrupu - 20 xəstə; orta-ağır dərəcəli xəstələr qrupu – 22 xəstə).  Yüngül ağırlıq dərəcəli xəstələrin müqayisə qrupunda xəstələrə antiseptik qarqaralar təyin edilmişdir. Yüngül dərəcəli xəstələrin işçi qrupunda isə ənənəvi yerli müalicə sxemləri tətbiq edilmişdir.  

Orta-ağır dərəcəli medikamentoz stomatitli xəstələrin müqayisə qrupunda     (12 xəstə) ənənəvi müalicə sxemləri (ağrıkəsicilər, antiseptiklər, keratoplastiklər); işçi qrup xəstələrdə isə (22 xəstə) xəstələrin terapiya kompleksinə stumulə olunmuş limfositlərlə ağız selikli qişasının immunokorreksiyası (5 gün ərzində, hər gün 2 dəfə ağız vannaları şəklində) və zədə zonasına sorbent tərkibli məlhəmlərlə sarğılar (Vaytsorb+metilurasil)  əlavə olunmuşdur. Müalicənin nəticələri hər iki qrup xəstənin göstəricilərinin bir biri ilə və nəzarət qrupunun (10 nəfər sağlam şəxs) göstəriciləri ilə müqayisə olunmuşdur.

Alınmış nəticələr və müzakirəsi.   Ağız boşluğu selikli qişasınıın medika-mentoz mənşəli xəstəlikləri klinik əlamətlərinin çoxluğu ilə xarakterizə olunur. Bu xəstəliklər, əsasən kataral stomatit, qlandulyar aftalar, lixenoid reaksiyalar (qırmızı yastı dəmrovun tipik forması şəklində), residivləşən aftoz stomatitin fibrinoz forması, xoralı-nekrotik stomatit, qırmızı yastı dəmrovun fəsadlaşmış variantları (ekssudativ-hiperemik, eroziv-xoralı və bullyoz formalar) şəklində özünü büruzə verir. Bu xəstəliklərin gedişi və ağırlıq dərəcəsi bir neçə amillərdən asılı olur: intoksikasiyanın ağırlıq dərəcəsindən, xəstənin yaşından, digər somatik patologiyalardan (həzm sisteminin patologiyaları, endokrin, ürək-qan-damar sistemi, tənəffüs sistemi və s.), stomatoloji statusdan və s. Klinik mənzərəsinə görə medikamentoz stomatitlər ABSQ-nın başqa genezli, lakin bu xəstəliklərə görünüşcə oxşar olan patologiyalardan bir o qədər fərqlənmir. Bu da diaqnostika zamanı müəyyən çətinliklər törədir və bu zaman xəstəliyin patogenezini müəyyən etmək üçün laborator müayinələr tətbiq etmək lazım gəlir.  

                                                        Medikamentoz zəhərlənmənin 3-4-cü günündə 20 xəstənin ağız boşluğunda kataral stomatitin klinik mənzərəsi müşahidə edilmişdir. Həmin kataral stomatitli xəstələrin tüpürcəyində sitokinlərin səviyyəsi (ІL-1β, ІL-2) artmışdır.

Detoksikasion terapiyadan sonra kataral stomatitli xəstələrdə DİK-n səviyyəsi 10,8±1,4 ş.v.-ə qədər azalsa da, bu göstərici də praktik sağlam şəxslərin göstəricilərindən 1,2 dəfə çox olmuşdur.

 Kəskin medikamentoz zəhərlənməli xəstələrin intoksikasiya prosesinə cavab reaksiya kimi humoral immun cavab reaksiyası güclənir və DİK-n səviyyəsində artma müşahidə edilir. Kəskin medikamentoz zəhərlənmə və kataral stomatitli xəstələrdə ağız suyunda DİK-n yüksəlmiş səviyyəsi, hətta həyata keçirilmiş detoksikasion müalicə tədbirlərindən sonra da normal səviyyəyə düşmür.

Sitokinlər hormon təbiətli xüsusiyyətə malikdirlər və iltihaba qarşı orqanizmin immun cavab reaksiyasında aktiv iştirak edir. Bunu nəzərə alaraq medikamentoz stomatitlər zamanı xəstələrin tüpürcəyində sitokin tərkibinin müalicə dinamikasında tədqiqi həyata keçirilmişdir.

İL-1β aktiv vəziyyətdə olan monositlər və toxuma makrofaqlarının vasitəsi ilə sintez olunur. İL-1β sitokinnnni T- və B-limfositlərin, qranulositlərin, trombositlərin, monositlərin aktivasiyasında iştirak edir [5].

Eyni zamanda, İL-1β erkən təsirli hemopoetik faktor hesab edilir və stress zamanı neyroendokrin qarşılıqlı əlaqələr zəncirində də iştirak edir [6].

Məlumdur ki, toxuma zədələnmələri zamanı bioloji aktiv maddələrin (interleykinlərin, leykotrienlərin, histaminin, serotoninin) güclü produksiyası baş verir. Bunun da nəticəsində orqanizmin funksional vəziyyətində müəyyən yenidənqurmalar baş verir ki, bu da öz növbəsində zədə zonasının məhdudlaşmasına gətirib çıxarır.

Bizim tədqiqatlar onu göstərir ki, dərmanlarla kəskin zəhərlənmənin 3-4-cü günü xəstənin ağız suyunda İL-1β-nın səviyyəsində artım baş verir.

Aparılmış detoksikasion terapiyadan sonra İL-1β-nın səviyyəsi yüksək olmaqda davam etmiş, yəni xəstələrdə müşahidə edilmiş kataral stomatit İL-1β-nın səviyyəsinin artmış fonunda baş vermişdir.

İL-2-nin ağız suyunda səviyyəsi kəskin medikamentoz zəhərlənmənin ilk günlərində praktik sağlam şəxslərin göstəricilərindən 1,2 dəfə yüksək olmuşdur.

Müalicə periodunda da İL-2-nin səviyyəsi yüksək olaraq qalmaqda davam etmişdir (14,5±0,3 pq/ml).

Helper təsirə malik olan aktivləşmiş T-limfositlərin təkcə İL-2 deyil, həm də γ-İFN sintez etmək xüsusiyyəti də elmdə sübut olunmuşdur. γ-İFN və İL-2 rezistentliyi təmin edir və sitotoksik immun cavab reaksiyasında iştirak edir.

γ-İFN-nun kəskin medikamentoz zəhərlənməli xəstələrin qarışıq ağız suyunda praktik sağlam şəxslərə nisbətən azalması müşahidə edilmişdir. Zəhərlənmənin 3-4-cü günü γ-İFN-nun səviyyəsində daha da çox azalma müşahidə edilmişdir və bu periodda xəstələrdə kataral stomatitin klinik əlamətləri meydana çıxmışdır. Detoksikasion terapiya aparılan dövrdə də γ-İFN-nun səviyyəsində azalma tendensi-yası davam etmişdir.

Orta-ağır dərəcəli medikamentoz stomatitlərin müalicə dinamikasında lokal immun statusun öyrənilməsi və aparılan müalicənin effektivliyinin qiymətlən-dirilməsi məqsədi ilə medikamentoz zəhərlənməyə məruz qalmış və ağız selikli qişasında eroziv-xoralı zədə elementləri olan 34 xəstənin və 10 praktik saqlam şəxsin ağız suyu tədqiq edilmişdir. Xəstələrin 12-də ənənəvi yerli müalicə, 22-də isə ənənəvi müalicə ilə yanaşı lokal immunokorreksiya və zədə nahiyyəsinə sorbent tərkibli sarğılar tətbiq edilmişdir.

Orqanizmdə baş verən bir çox patoloji vəziyyətlər immun komplekslərin əmələ gəlməsi və persistə olunması nəticəsində formalaşır. Bu immun komplekslər qanda və başqa bioloji mayələrdə sirkulyasiya etdiyi üçün onlar “dövredən immun komplekslər” (DİK) adlandırılır. Fizioloji norma çərçivəsində DİK faqositoza məruz qalır. Qandakı DİK-in səviyyəsi komplementin vəziyyətindən, antitel-antiqen qarşılıqlı münasibətindən, faqositəedən hüceyrələrin funksional vəziyyətindən və antiqen yüklənməsindən bir başa asılıdır.

DİK-in yüksək səviyyəsi antigenlərin həddən artıq çoxluğu və orta molekullu komplekslərin utilizasiyasının çətinləşməsindən xəbər verir. 

Müalicədən sonra hər 2 qrup xəstələrin tüpürcəyində DİK-in səviyyəsinin azalması müşahidə edilmişdir. Lakin, daha çox azalma əsas qrup xəstələr arasında qeyd alınmışdır. Əsas qrup xəstələrin ağız suyunda DİK-in azalması 45,5%, müqayisə qrupunda isə müalicədən qabaq olan göstəricilərə nisbətən 32,7% təşkil etmişdir ki, bu da həyata keçirilmiş müalicənin DİK-in səviyyəsinin humoral immunoloji kriteri olmasını sübut edir.

Tədqiqatlarımızdan   məlum olmuşdur ki, müqayisə və əsas qrup xəstələrin tüpürcəyində İL-1β-nın səviyyəsi praktik sağlam şəxslərin göstəricilərinə nisbətən yüksək olur. Müqayisə qrupunda müalicədən əvvəl xəstələrin ağız suyunda İL-1β-nın orta səviyyəsi 49,6±0,7 pq/ml, əsas qrup xəstələrdə isə 49,7±0,5 pq/ml təşkil etmişdir, ki, bu da praktik sağlam şəxslərin anoloji nəticələrindən 8,9% çoxdur.

       Aparılmış müalicədən sonra hər 2 qrup xəstələrin ağız suyunda İL-1β-nın səviyyəsində azalma müşahidə edilmişdir. Lakin, bu azalma daha çox əsas qrup xəstələrdə qeydə alınmışdır (p<0,05). Əsas qrup xəstələrdə kompleks müalicənin effektivliyi 10,5%, müqayisə qrupunda isə 4,6% təşkil etmişdir. Praktik olaraq eyni tipli dəyişikliklər hər 2 qrup xəstənin üpürcəyində digər iltihabi sitokin olan İL-2-də müşahidə edilmişdir.

Müqayisə qrup xəstələrin tüpürcəyində müalicədən əvvəl İL-2-nin səviyyəsi 14,4±0,3 pq/ml, əsas qrup xəstələrin üpürcəyində isə 15,2±0,2 pq/ml təşkil etmişdir. Göründüyü kimi, bu qruplardaki xəstələrin üpürcəyində İL-2-nin konsentrasiyası praktik şəxslərin göstəricilərindən 1,3 dəfə (p<0,05) yüksək olmuşdur. Həyata keçirilmiş müalicə tədbirlərindən sonra hər 2 qrup xəstənin üpürcəyində İL-2-nın səviyyəsi azalaraq, müvafiq olaraq, 12,4±0,2 pq/ml və 11,4±0,2 pq/ml çatmışdır. Ənənəvi müalicə almış xəstələrin üpürcəyində iltihabi sitokin olan İL-2-nin səviyyəsində baş verən azalma müalicədən əvvəlki göstəricilərə nisbətən statistik dürüst olmamışdır.

İltihabi sitokinlərlə yanaşı müalicə dinamikasında xəstələrin tüpürcəyindəki γ-İFN-nun səviyyəsində də müsbət dəyişikliklər müşahidə edilmişdir. Müalicə dinamikasında hər iki qrup xəstələrin ağız suyunda γ-İFN-nun azalmış səviyyəsində (müvafiq olaraq 7,4±0,08 pq/ml və 7,1±0,1 pq/ml) artmağa meyillik tendensiyası müşahidə edilmişdir (müvafiq olaraq 8,5±0,01 pq/ml və 7,9±0,1 pq/ml). Göründüyü kimi, müalicə dinamikasında γ-İFN-nın artması daha çox əsas qrup xəstələrdə müşahidə edilir (müqayisə qrup xəstələrdə 6,8%, əsas qrup xəstələrdə isə 19,7%), bu da əsas qrup xəstələrdə tədbiq edilmiş lokal immunokorreksiyanın effektivliyindən xəbər verir.

Yekun. Beləliklə, tədqiqatın nəticələrindən aydın olmuşdur ki, kəskin medikamentoz zəhərlənmələrdən sonra ABSQ-da baş verən eroziv-xoralı zədələnmələrin lokal immunokorreksiyası və yerli sorbent terapiyası tədbiq etməklə aparılmış kompleks yerli müalicəsi böyük effektivliyə malikdir. Bu xəstələrdə xəstəliyin klinik mənzərəsində də müsbət dinamika müşahidə edilmişdir. Zəhərlənmənin 3-4-cü günündə kataral stomatit inkişaf edir ki, bu da patogenetik nöqteyi nəzərdən immunotoksikozun baş verməsi və DİK-n səviyyəsinin yüksəlməsi ilə xarakterizə olur. Kəskin medikamentoz zəhərlənmə və kataral stomatitli xəstələrdə tüpürcəkdə DİK-n yüksəlmiş səviyyəsi, hətta həyata keçirilmiş detoksikasion müalicə tədbirlərindən sonra da normal səviyyəyə düşür.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Əliyev M.M., Qorin E.E. Kəskin zəhərlənmələr zamanı ağız boşluğu selikli qişası xəstəliklərinin klinik-morfoloji, immuni-biokimyəvi xüsusiyyətləri və müalicə prinsipləri. Bakı, 2013. -103 s.   
2.Гольдфарб Ю.С., Мусселиус С.Г. Детоксикационная терапия. Руков-во для врачей. Серия "Мир медицины" – СПб: Издательство "Лань", 2015 – 192 с.
3.Неотложная клин.токсикология // Под редакцией Е.А.Лужникова. Изд-во: Медпрактика – М, 2017 г. – 608 стр.
4.Шукурова У.А.  Особенности клинического течения и лечение хронического рецидивирующего афтозную стоматита у беременных. Автореферат диссертация к.м.н. Ташкент. -2009.
5.Кетлинский, С.А. Цитокины / С.А.Кетлинский, А.С.Симбирцев.– СПб: ООО «Изд-во Фолиант», 2008. – 552 с.
6.Dinarello, C.A. A clinical perspective of IL-1β as the gatekeeper of inflammation / C. A. Dinarello // Eur. J. Immunol. – 2011. – Vol. 41, N 5. – P.1203 – 1217.

 


Müəlliflər:
A.V. Şirəliyev

Digər jurnal və qəzetlər