METABOLİK SİNDROMUN HAMİLƏLİYİN GEDİŞİNƏ VƏ NƏTİCƏLƏRİNƏ TƏSİRİ.

17-07-2022

Açar sözlər: metabolik sindrom, hamiləlik, preeklampsiya, hamiləlik

Ümumdünya Səhiyyə Təşkilatı metabolik sindromu XXI əsrin pandemiyası adlandırmışdır. XXI əsrin başlanğıc illərinin ədəbiyyat məlumatlarına görə dünya əhalisinin 20-25%  metabolik sindromdan (MS) əziyyət çəkirsə, 2025-ci ildə 300 miliyon insanda bu sindroma rast gəlinəcəyi proqnozlaşdırılır [1].

MS (X sindrom) hormonal və metabolik pozğunluqlar simptomokompleksi olub, ürək-damar sistemi xəstəliklərinin və   şəkərli diabetin (ŞD) və arterial hipertoniya yaranma riskini artırır. MS visseral piylənmə, periferik toxumaların insulinə həsaslığının azalması, hiperinsulinemiya, karbohidrat, yağ, zülal mübadiləsinin pozulması ilə xarakterizə olunur. [1,2].

MS-un yaranmasında genetik və ətraf mühit faktorlarının rolu qeyd edilir. Bir çox alimlər patogenetik amil kimi insulinə davamlılığına üstünlük verir [3,4,5].

Müəyyən edilmişdir ki, piylənmə meta-iltihab adlanan zəif gedişli xroniki iltihabi prosesin yaranmasına təkan verir [6]. Məlumdur ki, iltihabi proses insulin sekresiysına, periferik toxumaların insulinə həssaslığına, lipidlərin metabolizminə mənfi təsir göstərir. Xroniki iltihabi proses mədəaltı vəzinin beta hüceyrələrinin apoptozunu sürətləndirməklə onların miqdarını azaldır, insulin sekresiyasının zəifləməsinə səbəb olur [2,4,6,7].

MS zamanı orqanizmin endokrin statusu dəyişir, bu zaman qadınların qanında kortizol, testosteron artmış, progesteron, somatotrop hormonun isə azalmış olur. Hiperinsulinemiya ilə yanaşı qlükaqon, tireoid, prolaktin kimi hormonların səviyyəsinin yüksəlməsi də MS –un əlamətlərinin meydana çıxmasına səbəb olur [8].

Müxtəlif ədəbiyyat məlumatlarına görə MS-u olan hamilələrdə hestasion ağırlaşmalara 60 -80% hallarda rast gəlinir [8,6,9,10].

MS-un etiologiyası, klinikası, diaqnostikası haqqında geniş məlumatlar olsa da,onun hamiləliyə, doğuşa, zahılıq dövrünə, dölün inkişafina, yenidoğulmuşun vəziyyətinə göstərdiyi təsirlər hələ də sona qədər öyrənilməmişdir.

Tədqiqatın məqsədi (MS) Metabolik sindromu olan hamilələrin hestasion ağırlaşmalarının və yenidoğulmuşların vəziyyətinin qiymətləndirilməsi olmuşdur.

Material və müayinə metodları. Qarşıya qoyulan məsələnin həlli üçün 120 hamilə seçilərək müşahidə altına alınmışdır.

Əsas qrupa 60 metabolik sindromu olan, kontrol qrupa isə 60 metabolik sindromu olmayan hamilə daxil edilmişdir. Əsas qrupda olan hamilələr 1999-cu ildə Beynəlxalq Səhiyyə Təşkilatı, 2005-ci ildə Beynəlxalq Diabet Federasiyasının qəbul etdiyi metabolik sindromun kriterilərinə əsasən seçilmişdirlər.

Hamilələrin müayinəyə daxil edilmə kriteriyaları:

I . Əsas qrup üçün:

-BÇİ>30 kq/m2

-insulinresiztentliyi və/ və ya II tip şəkərli diabet və/və ya hestasion şəkərli diabetin olması (venoz qanda qlükoza  ≥5,1<6,5 mmol/l) və/və ya qeydiyyata alınan zaman manifest şəkərli diabet (acqarnına venoz plazmada qlükoza ≥6,5mmol/l)

- arterial təzyiqin yüksəlməsi( sistolik təzyiqin 130 mm.c.süt və ya diastolik təzyiqin 85mm.c.süt artıq olması və ya əvvəldən mövcud olan xroniki hipertoniyanın olması)

- dislipidemiya (qanda triqliseridlər 1,7mmol/l-dəön artıq və/və ya yüksək sıxlıqlı lipoproteinlərin konsentrasiyasının 1,29 mmol/l-dən azalması, aşağı sıxllıqlı lipoproteinlərin artması).

Nəzarət qrupuna 60 hamilə daxil edilmişdir.

1.Nəzarət qrupu üçün:

-hamilələrin BÇİ<30kq/m2 az olmuş, metabolik sindromun əlamətləri olmamışdır.

Hamilələrin müayinədən xaric edilmə kriteriyaları:

-Əsas qrup üçün:

-BÇİ<30kq/m2

-İlk dəfə qeydiyyata alınan zaman aşkar edilən manifest şəkərli diabetin olması

-Simptomatik arterial hipertoniyanın olması

-Kəsginləşmə mərhələsində olan kəsgin infeksion prosesin olması

-İsenko-Kuşinq sindromunun olması.

-Böyrək xəstəliyi, xroniki böyrək çatışmamazlığı olanlar

-Mədə-bağırsaq xəstəliyi olanlar və ya əməliyyat keçirənlər.

-Onkoloji xəstəlikləri olanlar

Hamilələr hamiləliyin 12-15 həftəsi arası qeydiyyata alınmışdırlar, onların yaş həddi 18-45 arasında, hamiləlikləri təkdöllü olmuşdur.

Aşağıdakı kliniki müayinələr aparılmışdır:

Hamiləyə ümumi baxış, antropometrik göstəriciləri, BÇİ, nəbz, arterial təzyiqləri ölçülmüşdür, dölün vəziyyətinin Apqar şkalası  ilə  qiymətlədirilməsi qeyd edilmişdir.  Laborator müayinələrdən qanın və sidiyin, yaxmanın ümumi analizi, koaquloqramma, qanda qlükoza, insulin, xolesterinin, triqliseridlərin, aşağı və yüksək sıxlıqlı lipoproteidlərin 25(OH)D vitamininin səviyyəsinin nəticələri qeyd edilmişdir. Hamiləlikdə hestoz, plasentar çatışmamazlıq, düşük, erkən doğum təhlükəsi, dölyanı mayenin vaxtından əvvəl axması, anemiya, doğum fəaliyyətinin anomaliyası, hamiləliyin sonlandırma üsulu, zahılıq dövrünün ağırlaşmaları, yenidoğulmuşların adaptasiyası barədə məlumatlar qeyd edilmişdir.

Nəticələr.Müşahidə altına 18-45yaş arası metabolik sindromu olan hamilələr götürülmüşdür. Onların 29 nəfəri 18-28, 25-i 29-35, 6-sı isə 36-45 yaş arasında olmuşdurlar. Əsas qrupa daxil olan hamilələrin 88,3%-nin, müqaisə qrupunun isə 90%-nin  sosial statusu qənaətbəxş olmuşdur. Əsas qrupda  olanların 71,7% evdar, 20,0% əqli, 8,3% fiziki işlə məşğul olan, kontrol  qrupun isə 63,3% evdar, 3,3% fiziki, 33,3% əqli işlə məşğul olan qadınlar təşkil etmişdirlər.

Əsas qrupa daxil olan hamilələr anamnezində ginekoloji xəstəliklərdən yumurtalıqların disfunksiyasına 14 (23,3%), miomaya 1(1,7%), sonsuzluğa 6 (10,3%) qadında, kontrol qrupda uyğun olaraq bu xəstəliklərə 7(11,7%), 1(1,7%), 2 (3,3%) qadında təsadüf edilmişdir.

Somatik xəstəliklərdən əsas qrupda daha çox aşağı ətraf venalarının varikozuna 7(11,7%), xroniki hipertoniyaya 13 (21,7%), 2-ci tip şəkərli diabetə 5(8,3%)  rast gəlinmişdirsə, kontrol qrupda 2(3,3%), aşağı ətrafların varikozu 4(6,7%) qadlnda  müəyyən edilmişdir.

Hamilək zamanı anemiyaya I qrupda 25(41,7%) II qrupda 17(28,3%) hamilədə təsadüf edilmişdi.

MS olanlar və olmayanlar arasında müqaisə apardıqda hamiləliyin birinci trimestrinin ağırlaşmalarından olan erkən toksikozun əsas qrupa daxil olan 18 (30,0%), kontrol qrupda 13 (21,7%) hamilədə rast gəlindiyi müəyyən edilmişdir.

Düşük təhlükəsi metabolik sindromu olan hamilələrin 22 (36,7%) bu sindrom olmayanların isə 12 (20%) yaranmışdı.Erkən doğum təhlükəsi isə əsas qrupda 16 (26,7%), kontrol qrupda  isə rast 8 (13,3%) hamilədə müəyyən edilmişdir. Preeklampsiya isə əsas qrupda 23 (38,2%) nəzarət qrupunda 7 (11,7%) hamilədə rast gəlinmişdir. Dölyanı mayenin vaxtından əvvəl axması I qrupda 18(30%)II qrupda 10 (16,7%) hamilədə təsadüf etmişdir.

Hamiləlik zamanı dopler müayinəsində cift qan dövranının pozulması əsas qrupda 13 (21,7%), kontrol qrupda 4 (6,7%) hamilədə rast gəlinmişdir. Əsas qrupda 12 20,0%), kontrol qrupda isə 4 (6,7%) hamilədə vaxtından əvvəl doğuş olmuşdur.

Hamiləlik əsas qrupda 47 (78,3%) və kontrol qrupda isə 36 (60%) halda qeysəriyyə əməliyyatı yolu ilə sonlandırılmışdır.

Zahılıq dövrü ağırlaşmaları əsas qrupda 7 (25,9%), kontrol qrupda 2 (3,3%) hamilədə müşahidə olunmuşdur.

Əsaa qrupda hestasiya yaşına görə azçəkili uşaqlar 5 (8,3%), kontrol qrupda isə 2 (3,3%) artıqçəkili uşaqlar isə uyğun olaraq 7 (11,7%) 4 (6,7%) doğuşda rast gəlinmişdir .

Müzakirə. Bizim apardığımız tədqiqatda metabolik sindrom  hamilələrdə cift qan dövranı pozğunluğu, preeklampsiya,düşük təhlükəsi, erkən doğum, dölün bətndaxili inkişaf ləngiməsi kimi halların daha çox rast gəlinməsi müəyyən edilmişdir. Həmçinin bu qrupda olan hamilələrin hamiləlikləri daha çox hallarda qeysəriyyə əməliyyatı ilə sonlanmışdır, zahılıq dövründə isə uşaqlığın subinvolyusiyası, endometrit kimi ağırlaşmalara daha çox rast gəlinmişdir.

Annotasiya. Son illər ekologiyanın, insanların həyat tərzinin, qida mədəniyyətinin dəyişməsi ilə əlaqədar piylənmə, eləcə də metabolik sindrom daha çox rast gəlinir. Metabolik sindromun hamiləliyin gedişinə göstərdiyi təsirlər haqqında müxtəlif fikirlər var. Bizim məqsədimiz metabolik sinromun hamiləliyin nəticələrinə göstərdiyi təsiri öyrənmək olmuşdur. Tədqiqatda 60 metabolik sindromu olan və 60 metabolik sindromu olmayan hamilənin hestasion ağırlaşmaları, hamiləliyinin nəticələri müqayisəli şəkildə öyrənilmişdir.Müəyyən edilmişdir ki, metabolik sindromu olan hamilələrdə erkən toksikoz, hestasion diabet, düşük təhlükəsi, erkən doğum, preeklampsiya, dölün bətndaxili inkişaf ləngiməsi, azçəkili və artıqçəkili uşaqların doğulması kimi  hallara daha çox rast gəlinir. Həmçinin bu hamilələrin doğuşları əksər hallarda qeysəriyyə əməliyyatı ilə sonlanır, zahılıq dövrlərində ağırlaşmalara daha çox rast gəlinir.

  

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Международная федерация диабета (IDF): консенсус по критериям метаболического синдрома // Ожирение и метаболизм. - 2005. - № 3. - С. 47-49
2.Завалко А. Ф. Особенности течения беременности и родов у женщин c метаболическим синдромом / // Казан, мед. журн. - 2009. -№ 2.- С.
3.О.Н. Аржанова Акушерские и патоморфологические особенности течения беременностиу женщин с гестационным сахарным диабетом //Журнал акушерства и женских болезней. - 2011. - Т. 60, вып. 3. - С. 44-48.
4.Левитина Е. В. Особенности течения метаболического синдрома у беременных : дис. ... канд. мед. наук / СПб., 2011. - 115с.
5.Madan JC, Davis JM, Craig WY, et al. Maternal obesity and markers of inflammation in pregnancy. Cytokine 2009;47(1):61–64
6.A. Skvarca Adipocytokines and insulin resistance across various degrees of glucose tolerance in pregnancy / // J. Int. Med. Res. - 2012. - Vol.40, № 2 . - P . 583 589.
7.Eckel R. H. The complex metabolic mechanisms relating obesity to hypertriglyceridemia / // Arterioscler. Thromb. Vase. Biol. -2011.-Vol. 31, № 9 . - P . 1946-1948
8.Макаров И.О. СМ. Воеводин, Т.В. Шеманаева Состояние фетоплацентарной системы у беременных с артериальной гипертензией и гестозом / // Врач-аспирант. - 2011. -Т. 46, № 3,4. - С. 621-628
9.Lumeng CN, Saltiel AR. Inflammatory links between obesity and metabolic disease.J Clin Invest. 2011;121(6):2111–2117
10.Михалевич, А.В. Ешенко, Н.Л. Андреева С.И. Метаболический синдром в акушерстве / //Искусство медицины. – 2011. - №1. – С.157-166.

 


Müəlliflər:
Y.M. Axundova

Digər jurnal və qəzetlər